Siyavuş Novruzov: "Tikinti sektorunun canlanması yeni iş yerlərinin açılmasına səbəb olacaq"

Siyavuş Novruzov
Siyavuş Novruzov: "Tikinti sektorunun canlanması yeni iş yerlərinin açılmasına səbəb olacaq"

"2017-ci ilin mart ayında biz 2016-cı ilin dövlət büdcəsinin hesabatını qiymətləndirmişik və hazırda da büdcənin icrası ilə bağlı qanun layihəsini müzakirə edirik. Bu, bir daha dövlətin şəffaf işləməsinə nümunədir. Bu baxımdan düşünürəm ki, bundan sonra hansısa məsələnin geniş şəkildə müzakirəsinə ehtiyac yoxdur. Aiddiyyatı qurumların nümayəndələri büdcənin icrası ilə bağlı sualları cavablandırmaqla müzakirələri dayandırmaq olar". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Müzakirələr zamanı bəzi deputatların ölkədə devalvasiyadan sonra banklarda yaranan problemlər bağlı fikirlərinə münasibət bildirən S. Novruzov qeyd edib ki, Azərbaycandan qat –qat böyük dövlət var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-nin aşağı düşməsi halları baş verir: "Dünyada baş verən hadisələr təbii ki, Azərbaycanda da baş verir. Ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər. Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalı, problem olduqda da məhkəməyə müraciət etməlidirlər. Ümumilikdə isə kredit götürəndə vətəndaşlar onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan çox böyük problem yaşamağa ehtiyac yoxdur".

Bu gün Azərbaycanda ən böyük tədbirlər keçirildiyini deyən deputat Azərbaycanda tikinti sektorunun canlandığını da xatırladıb: "Ötən gün Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlər üçün Qaradağ rayonunda yeni binanın tikintisinə başlandığının şahidi olduq. Bundan əlavə, Nərimanov rayonunda 20 binanın tikilməsi prosesinə başlanılıb, Nəsimi rayonunda böyük mikrarayon köçürülür. Bütün bunlar həm yeni iş yerlərinin açılması, həm də vətəndaşlarımızın güzəştli şəkildə mənzil sahib olmasına imkan yaradacaq. Bu proses Nizami və digər rayonlarda gedir. Tək Bakı şəhərində 300-ə yaxın binanın tikilməsi nəzərdə tutulur. Bu işlər dövlət tərəfindən Azərbaycan Prezidentinin rəhbərliyi ilə gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə