Azər Badamov: “Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçsə Sarkisyan sülh danışıqları üçün yalvaracaq” MÜSAHİBƏ
Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi
- Azər müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Sarkisyan rejimi masa arxasında oturmaqdan imtina edir. Bu nə qədər davam edəcək?
- Ermənistanı müstəqil öz xarici siyasətini müəyyənləşdirən ölkə hesab etmirəm. Çünki, Ermənistanın xarici siyasətini idarə edirlər və müəyyən ölkələrin maraqlarına xidmət edir. Ona görə də Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə etmək üçün masa arxasına keçə bilmir. Artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu baxımdan Sarkisyan yaxşı bilir ki, növbəti dəfə danışıqlar masası arxasına əyləşsə hər hansı bir sənədə imza atmalıdır. Ona görə də çalışır ki, müddəti uzadaraq danışıqlardan yayınsın. Amma bu belə əbədi olaraq davam edə bilməz. Düşünürəm ki, cəbhə də Azərbaycan silahlı qüvvələri hərəkətə keçsə Sarkisyan sülh danışıqları üçün yalvaracaq.
- Regiona səfərə hazırlaşan ABŞ-dan olan həmsədr prezidentlərin görüşünün vacibliyini söyləyib. Sarkisyan rejimi masa arxasında oturmaq istəmirsə bu halda hansı görüşdən söhbət edə bilər ki?
- Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupu yaradılıb. ABŞ-da bu qrupun həmsədrdir və o biri həmsədr ölkələri kimi prezidentlərin görüşündən, münaqişənin sülh yolu ilə həll edilməsindən danışır. Amma çox təəssüf ki, danışıb üstündən elə belə keçirlər. Əgər ABŞ və o biri həmsədr ölkələr münaqişənin həllini istəsəydilər Sarkisyan heç vaxt masa arxasına oturmaqdan yayınmazdı. Onlar Sarkisyana elə şərtlər qoyardı ki, Sarkisyan bir gün ərzində torpaqlarımızı boşaldardı. Necə olur ki, başqa ölkələrdə bir haqsızlıq olan kimi hamı başını qaldırır və üstünə düşür. Bütün dünya Dağlıq Qarabağ münaqişəsinin həllində bizim haqlı olduğumuzu deyir, amma heç bir dövlət konkret addım atmır. Burdan belə bir nəticə çıxarmaq olar ki, torpaqlarımızın işğaldan azad olunması qeyd etdiyim dairələrin marağında deyil və onların təklifləri ilə münaqişənin həll olunacağını inandırıcı görmürəm.
- Cəbhədə erməni təxribatları intensivləşir. Bu halda Azərbaycan aprel döyüşlərinin yenidən təkrarlanması üçün qətiyyətli mövqe ortaya qoya bilərmi?
- Cəbhədə erməni təxribatlarının güclənməsini onlara havadar ölkələrin ssenarilərinin tərkib hissəsi kimi başa düşürəm. Ona görə ki, erməninin müstəqil şəkildə təxribat törətməyə nə iqtisadi imkanı, nə də ki, hərbi potensialı yoxdur. Onlar Azərbaycanın hərbi gücü haqında yaxşı məlumatlıdırlar və bilirlər ki, Azərbaycan ordusu nəyə qadirdir. Həm də aprel döyüşlərində bunun əyanı şahidi oldular. Sadəcə ermənilər cəbhədə təxribatlar törətməklə vəziyyəti gərgin saxlamaq istəyirlər. Amma yenə qeyd etmək istəyirəm ki, bu belə həmişəlik davam edə bilməz və düşünürəm ki, bir gün Azərbaycan ordusunun hərəkətə keçəcəyi qaçılmazdır.
- Sizcə, aprel döyüşləri yenidən təkrarlanarsa həmsədr ölkələrinin bu dəfə ki, mövqeyi nədən ibarət ola bilər?
- Aprel döyüşləri yenidən təkrarlanarsa həmsədr ölkələrin mövqeyinin necə olacağı bəllidir. Onlar yenə də öz hərəkətlərini canlandıracaqlar və, münaqişənin sülh yolu ilə həll olunmasında təkliflərlə çıxış edəcəklər. Yenə görüşlər təşkil olunacaq və böyük vədlərlə vəziyyəti sakitləşdirməyə çalışacaqlar. Mənim fikrimcə müharibə anı və qısa müddətli olmalıdır. Onlar öz təkliflərini ortaya qoyana kimi biz sərhədlərimizə nəzarəti bərpa etməliyik. Hücum bütün cəbhə boyunca və bütün qüvvələrimizi səfərbər edilərək olunmalıdır. Həmsədr ölkələrin mövqeləri bəlli olunana qədər biz ərazimizi təmizləyə bilərik.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB