Musa Qasımlı: "Müsəlman dünyasına Respublika məfhumunu Azərbaycan xalqı gətirib" MÖVQE

Musa Qasımlı: "Müsəlman dünyasına Respublika məfhumunu Azərbaycan xalqı gətirib" MÖVQE

"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirmiş oldu". Bunu SİA-ya açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı deyib.

Deputat bildirib ki, 99 il bundan öncə AXC-nin yaradılması əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyır.

28 May – Respublika Gününun xalqımızın ən əlamətdar bayramları sırasında yer tutduğunu dilə gətirən M.Qasımlı söyləyib ki,1918-ci ildə AXC-nin yaranması ilə Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi, onların ürəyində ümid çırağı yandırdı: "Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan ötrü İrkutskdakı konsulluğa müraciət etmişdilər. Onu da deyim ki, Cümhuriyyətin elan edilməsi təsadüfi olmadı. Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib ilhaq edənə qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. İşğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Bütün bunların sonu isə Xalq Cümhuriyyətinin elan olunması ilə nəticələndi".

Cümhuriyyət tarixinin öyrənilməsinin bəzi ibrət dərslərini almağa imkan verdiyini xatırladan M.Qasımlı qeyd edib ki, dövlətin qorunub saxlanması onu qurmaqdan daha çox çətindir: "20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma Sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Ulu Öndər Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. 1993-cü ildə yaranan çətin durumda isə xalqımız Ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşərək Azərbaycanda 1920-ci ilin təkrarlanmasına imkan vermədi. Ulu öndərimiz Heydər Əliyevin siyasi zəkası, böyükmiqyaslı fəaliyyəti Azərbaycanın ikinci dəfə müstəqilliyinin itirilməsinin qarşısını aldı".

Bütün xəbərlər Facebook səhifəmizdə