SİA namizədlərini təqdim etdi

22 iyul – Azərbaycan Milli Mətbuatının 142-ci ildönümündə jurnalistlər üçün inşa edilmiş yeni binadan mənzil almağa "Səs" İnformasiya Agentliyinin (SİA) namizədlərin müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edəcək Komissiyanın sədri Vüqar Səfərli, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev, komissiyanın üzvləri - Mətbuat Şurasının sədri Əflatun Amaşov və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev iclasın gedişatını izləyiblər.

Protokola uyğun olaraq iclasın sədrinin və katibinin seçilməsi təklif olunub. "Səs İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəliyev iclasın sədri, redaktoru İsmayıl Quliyev isə iclasın katibi seçilib.

Tədbirin davamında agentliyin əməkdaşları namizədlərin müəyyənləşdirilməsi ilə bağlı çıxışlar ediblər. Elgün Aslanov, Ceyhun Eyyubov, Ceyran Əsgərova və digərləri çıxış edərək bundan əvvəl də redaksiyada mənzilə ehtiyacı olan, milli mətbuatımızın inkişafında xidmətləri olan və mənzil almağa haqqı çatan jurnalistlərin müəyyənləşməsi ilə bağlı müzakirələrin aparıldığından danışıblar. Bildirilib ki, məsələyə tam şəffaf və ədalətli şəkildə yanaşılıb.

Beləliklə, 24 əməkdaşın iştirak etdiyi iclasda müzakirələrin yekunu olaraq namizədlərin göstərilməsinə başlanılıb. 6 nəfər əməkdaşın namizədliyi irəli sürülüb və təsdiq olunub. Qərara alınıb ki, sənədlər hazırlanıb Komissiyaya təhvil verilsin.

Daha sonra tədbirdə müşahidəçi qismində iştirak edən nümayəndələr çıxış ediblər.

"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, 2013-cü ildə Azərbaycan Milli Mətbuatının 138-ci ildönümü münasibətilə cənab Prezidentin xüsusi sərəncamı ilə jurnalistlər üçün mənzillərin inşa edilməsi və hədiyyə olaraq verilməsi onu göstərdi ki, dövlət başçımız jurnalistlərin sosial problemlərinin həllini daim düşünür və bu istiqamətində mərhələli addımlar atır. Qeyd edib ki, jurnalistlər dövlət başçımızın daim diqqət və qayğısı ilə əhatə olunub. Bu sərəncam hər bir jurnalist üçün bir sevinc payıdır. Eləcə də bu sərəncam yeni nəsil jurnalistləri üçün stimuldur. Hesab edirəm ki, gənc jurnalistlər də bundan bəhrələnəcəklər. Bu gün mətbuatın tutduğu mövqe və demokratik inkişaf yolunda atdığı addımlar cəmiyyətin ümumi inkişafına xidmət edir".

Komissiyanın sədri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxış edərək bildirib ki, bu il Milli Mətbuatımızın yaranmasının növbəti ildönümündə veriləcək binanın təməli 2013-cü ildə qoyulub. Bununla bağlı dövlətimizin başçısının müvafiq Sərəncamı olub. Artıq tikintisi başa çatdırılan bu binanın iyulun 22-də istifadəyə verilməsi gözlənilir. O, qeyd edib ki, SİA-da keçirilən tədbir və aparılan müzakirələr və verilmiş qərar normalara tam uyğundur.

Mətbuat Şurasının sədri Əflatun Amaşov namizədlikləri verilən əməkdaşları təbrik edib və digər namizədlərin də gələcəkdə mənzillə təmin olunacaqlarına ümid etdiyini bildirib. Qeyd edib ki, bu evlər Azərbaycan Prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq".

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev isə çıxış edənlərin nitqləri ilə həmfikir olduğunu bildirərək cənab Prezidentin jurnalistləri daim diqqət və qayğıda saxladığına görə təşəkkürünü bildirib.

İclas işini sona çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə