Müdrik siyasi və dövlət xadimi SİYASİ RAKURS+ANALİTİKA

Prezident İlham Əliyev Azərbaycanın düşmənlərini belə ölkəmizin tərəfdaşına çevirir!
Müdrik siyasi və dövlət xadimi SİYASİ RAKURS+ANALİTİKA

Bəlli olduğu kimi, aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Şirkətinin tanınmış teleradio aparıcısı Vladimir Solovyovla görüşüb. Həmin görüş əsnasında dövlət başçısı İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edib ki, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Ölkə rəhbəri həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Məhz bu kimi mühüm məqamları araşdırdıqca həm də belə bir qənaətə gəlmək mümkündür ki, Vladimir Solovyov dövlət başçısı İlham Əliyev ilə sadəcə görüşüb və bu görüş müsahibə xarakteri daşımayıb.

Vladimir Solovyov milyonlarla tamaşaçı auditoruyası qazanmış verilişlərində daim ermənipərəst, hətta demək olar ki, anti-Azərbaycan mövqeyi ilə seçilib

Görüş barədə fikirlərini deyən rusiyalı telejurnalist də vurğulayıb ki, Bakıya səfərinin məqsədi məhz Prezidentlə görüşmək idi. Özünün dediyi kimi, "Dövlətlərin liderləri ilə söhbətlər həmişə çox maraqlıdır". Teleaparıcı Azərbaycana səfər etməyə də çoxdan hazırlaşdığını da deyib.

Beləliklə, bu görüşdə diqqəti çəkən başlıca məqamlarından biri də budur ki, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin (VQTRK) teleaparıcısı, tanınmış jurnalist Vladimir Solovyov milyonlarla tamaşaçı auditoruyası qazanmış verilişlərində daim ermənipərəst, hətta demək olar ki, anti-Azərbaycan mövqeyi ilə seçilib.

Lakin Prezident İlham Əliyev kimi bənzərsiz və praqmatik idarəçilik qabiliyyətinə, yüksək intellektə, peşəkar diplomat istedadına malik nüfuzlu dövlət xadimi ilə görüşdən aldığı yüksək təəssürat, eləcə də dövlətimizin başçısının rəhbərliyi sayəsində Azərbaycanın vaxt baxımından qısa zaman kəsiyində əldə etdiyi ölçüyəgəlməz nailiyyətlərə və uğurlara şahid olması V.Solovyovun ümumilikdə, Azərbaycan xalqı və dövləti haqqında əvvəlki yanlış mövqeyinin köklü surətdə dəyişməsinə səbəb olmuşdur.

Siyasi baxış bucağının dəyişməsi reallığı - Vladimir Solovyov: "Mən gördüm ki, İlham Əliyev olduqca savadlı, yüksək təfəkkürlü siyasətçidir - əsl dövlət xadimidir"

Hətta V.Solovyov aprelin 11-də Vesti.FM kanalında "Pryamoy kontakt" verilişinin birbaşa efirində də Azərbaycan Prezidenti ilə görüşünün hədsiz xoş təsiri altında olduğunu gizlətməyərək deyib: "Prezident İlham Əliyevlə söhbət etmək çox maraqlı idi. Mən bu söhbətə görə Prezidentə təşəkkür etmək istərdim. O, mənə çox gözəl təsir bağışladı. Mən gördüm ki, İlham Əliyev olduqca savadlı, yüksək təfəkkürlü siyasətçidir - əsl dövlət xadimidir".

Vladimir Solovyov vurğulayıb ki, söhbət zamanı onu ən çox heyrətləndirən Prezident İlham Əliyevin təmkinliliyi və pozitiv ovqatı olub: "Mən gördüm ki, Azərbaycan Prezidenti hər bir məsələyə həssaslıqla yanaşır. Mən bunu Rusiya ilə tərəfdaşlıq münasibətləri barədə danışanda da hiss etdim. Biz Rusiya-Azərbaycan əlaqələrinin perspektivləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə xeyli söhbət etdik".

Beləliklə, bu görüş müdrik siyasi və dövlət xadimi Prezident İlham Əliyevin Azərbaycanın düşmənlərini belə ölkəmizin tərəfdaşına çevirmək bacarığının daha bir bariz nümunəsidir. Eyni zamanda bu, yalnız qələbəyə hesablanmış nəhəng siyasi təcrübənin məntiqi nəticəsidir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə