Elçin Mirzəbəyli: “Qanun qarşısında hər kəs bərabərdir” MÖVQE

Elçin Mirzəbəyli: “Qanun qarşısında hər kəs bərabərdir” MÖVQE

"Təbii ki, Mehman Hüseynovun fəaliyyəti jurnalist fəaliyyəti ilə əlaqəli deyil. Onun hazırladığı süjetlərdə də, paylaşdığı materiallarda da peşəkar jurnalistikanın prinsipləri nəzərə alınmayıb. Çünki burada onun özünün birtərəfli, subyektiv baxışları nəzərə çarpırdı ki, bu da onun mövzularının bir şərt kimi meydana çıxarılmasını diqqətə çarpdırırdı.". Bu fikirləri SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bir sıra dairələrdə Mehman Hüseynovun blogerlik fəaliyyətini jurnalistika fəaliyyəti ilə eyniləşdirmələrinə münasibətini bildirərkən deyib.

Elçin Mirzəbəylinin fikrincə, Mehman Hüseynov ictimai rəydə özünü bloger adlandırsa da, dünyada bu status tamamilə fərqli cür qəbul olunmaqdadır: "Həmin blogerlər Mehmandan fərqli olaraq, vaxtilə peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olublar. Ancaq hazırkı fəaliyyətləri peşəkar jurnalistika fəaliyyəti deyil. Onlar fərqli-fərqli sahələrdir. Bu mənada, Mehman Hüseynovun fəaliyyət istiqamətləri KİV haqqında qanunun prinsiplərinə uyğun gəlmir".

Baş redaktorun fikrincə, onun hazırladığı materiallarda konkret olaraq haqqında söhbət açdığı tərəflərin mövqeyini nəzərə almırdı ki, bu da qara piar kampaniyasının olduğunu göstərirdi: "Çünki hər hansı bir şəxs, yaxud qurum haqqında material hazırlanarkən, hökmən qarşı tərəfin mövqeyi də nəzərə alınmalıdır, araşdırmalar da məhz bu çərçivədə həyata keçirilməlidir. Ümumiyyətlə, onun heç bir materialı jurnalistika standartlarına cavab vermirdi. Nə Mehman Hüseynovun özünün, nə də fəaliyyətinin peşəkar jurnalistika fəaliyyətinə aidiyyatı yox idi. O, sadəcə sosial şəbəkə istifadəçisi kimi öz şəxsi mövqeyini bildirirdi. Yəni konkret şəxsi ittiham etməklə təqsirsizlik priampluasını da pozurdu.Çünki konkret olaraq hər hansı bir insanı ittiham edirsənsə, onun qarşısına faktları da qoymalısan. Ona görə də onun fəaliyyətində hadisələr ətrafında səsli-küylü şoudan başqa heç nə görünmürdü. Mehman Hüseynov insanları qaralamağa, onlara şər və böhtan atmağa çalışırdı ki, bu da nəticədə onun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb oldu".

Baş redaktor son olaraq deyib ki, vəzifəsindən, peşəsindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və cinayət törədənlər müvafiq cəzalarını alırlar: "Mən bir daha belə qənaətə gəlirəm ki, konkret bir şəxsin fəaliyyətini jurnalistikaya aid olub-olmadığını müəyyənləşdirmək üçün o fəaliyyətin mahiyyətinə nəzər salmaq lazımdır. Yəni bu adam öz fəaliyyətində jurnalistikanın prinsiplərini nəzərə alır, ya almır. Almırsa, demək onun jurnalistikaya heç bir aidiyyatı yoxdur.

Həmçinin, vətəndaşın hansı bir peşə ilə məşğul olmasına rəğmən, onun cinayət törətməsi heç də ona haqq qazandırmır, qanun qarşısında hər kəs bərabərdir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə