"Ermənistan hər zaman, xüsusilə də həssas məqamlarda ölkəmizə qarşı təxribat törətməyə cəhd edir. Bilirsiniz ki, son təxribat Xocalı faciəsinin törədildiyi günün gecəsi başladı. Ermənistan bunu sülh danışıqlarının, atəşkəsin, ölkəmizin maraqları, eləcə də beynəlxalq konvensiyalara zidd olaraq həyata keçirdi". Bunu SİA-ya açıqlamasında deputat, politoloq Elşən Musayev deyib.
Ermənistanın bu gün də işğalçı təfəkkürü ilə yaşadığını deyən deputat söyləyib ki, son günlər cəbhədə baş verən təxribatlar bir sıra məqamlara hesablanıb: "İlk məqam odur ki, Ermənistan ötən ilki aprel döyüşlərindən sonra ciddi məğlubiyyət kompleksi yaşayır və bu kompleks aprel döyüşlərinin il ərəfəsində daha da qabarıb. Bundan əlavə, düşmən ölkədə hakimiyyətə qarşı ciddi təzyiqlər orada seçkiqabağı qorxuya səbəb olub. Buna görə də Ermənistan rəhbərliyi öz hamilərinin vasitəsilə özünü təsdiq elementi axtarırlar".
E. Musayev bildirib ki, Ermənistanın həyata keçirdiyi təxribatın arxasında dayanan ikinci məqam Azərbaycanın diplomatik sahədə mövcud problemin həlli ilə bağlı səmərəli fəaliyyət göstərməsidir: "Azərbaycan prezidentinin son səfərlərinə, ölkəmizin Avropa Şurasında, ATƏT-dəki uğurlarımıza nəzərə salsaq görərik ki, Ermənistan bu kontekstdə də qıcıqlıdır. Çünki bu gün Avropada görünməz bəzi qüvvələr var ki, artıq onlar da Ermənistan əlini çəkiblər. Eyni zamanda bu gün xristian faktoru da düşmən ölkənin lehinə çalışmır. Düşmən ölkə eyforiyada olduğu üçün, həm hakimiyyətlərini qorumaq, həm qarşıdakı məğlubiyyətlərinin qarşısını almaq üçün cəbhədə təxribata əl atırlar".
"Hesab edirəm ki, Azərbaycan xalqı, əsgəri öz komandanının əmri ilə istənilən fəaliyyətə hazırdır. Lakin Azərbaycan tərəfi güclü olmasına rəğmən səbirli, bütün məqamları hesablayan tərəf olduğu üçün hərbi yola üstünlük vermir. Azərbaycan prezidentinin yürütdüyü siyasət nəticəsində işğal altında olan torpaqlarımızı geri qaytarılacaq. Buna heç kimin şübhəsi yoxdur"- deyə, politoloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB