Bu gün Bakıda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Xocalı soyqırımı, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" kitablarının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır. Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində nəşr edilmiş kitabların redaktoru AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elmi redaktoru siyasi elmlər doktoru Elçin Əhmədovdur.
Kitabların elmi redaktoru E.Əhmədov çıxış edərək deyib ki, birinci kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır.
O bildirib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə etnik təmizləməyə məruz qalıb. Kitabda ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə kifayət qədət faktlar var. Xüsusilə 1905-1920-ci illərin qanlı hadisələri elmi əsaslara söykənərək təhlil olunur.
Onun sözlətinə görə, kitabın yeniliyi budur ki, bu məsələlər səkkiz dildə, mənbələr isə 4 dildə ictimaiyyətə təqdim olunur. Kitabda ingilis dilində Azərbaycan tarixinə dair xəritələr var. Bu xəritələrin verilməsi böyük əhəmiyyət daşıyır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələri ilk dəfə BMT-nin bütün dillərində verilib. O deyib ki, ikinci kitabda Xocalı soyqırımının səbəbləri və nəticələri təhlil olunur. Xocalı tarixi Azərbaycan ərazisi olub və strateji əhəmiyyət kəsb edib. Kitabda bu barədə kifayət qədər faktlar və məlumatlar var.
Millət vəkili Musa Qasımlı bu kitabların ideya baxımından bir-birilə sıx bağlı olduğunu deyib. O bildirib ki, üç milyard insana çata biləcək bu kitablar vacib əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu, gələcək tədqiqatlar üçün mühüm mənbədir: "Çünki bütün sənədlər burada əksini tapıb. Xocalıya dair kitabda da hər kəs üçün çox vacib olan faktlar var. Mən müəllifə buna görə təşəkkür edirəm".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın həm xarici siyasətini müəyyənləşdirən, həm də daxili siyasətinin əsasını təşkil edən təməl məsələlərindən biridir. Onun sözlərinə görə, 1980-ci illərin sonunda Türkiyə Azərbaycanla bağlı xəbərləri ermənilərin Dağlıq Qarabağda törətdiyi cinayətlərlə birlikdə eşidib: "Lakin bunlar tək həmin vaxtlar yox, 1905, 1920, 1948, 1953-cü illərdə də baş verib. Bu bütün türkləri hədəfə alan, "böyük Ermənistan" qurmaq siyasətinin bir parçasıdır. Xarici qüvvələr bizləri hər zaman zəiflətməyə çalışıblar. Bunun ən zalım şəklini isə 25 il əvvəl Xocalıda gördük. Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar. Lakin hər şeyi bütün dünya görüb. Dünya ictimaiyyətinin bunları görməzdən gəlməməsi üçün hər şey edilib. Lakin xocalı faciəsinin səbəbkarları hələ də azadlıqda, aramızda dolaşır, nazir səviyyəsinə yüksələrək Ermənistanda vəzifə daşıyır".
Millət vəkili Hikmət Babaoğlu kitabları böyük informasiya mənbəyi adlandırıb. O deyib ki, Xocalıya qədər də azərbaycanlılar ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb: "Xocalı soyqırımı sivil dünyaya qarşı bir cinayətdir. Hər iki kitab beynəlxalq səhədlər toplusudur. Həmçinin, bunlar hazır ssenaridir və həmin kitablar əsasında maraqlı film çətmək olar".
Sonda çıxış edən nəşrlərin müəllifi Əli Həsənov deyib ki, kitablar Azərbaycan Prezidentinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı fərmanına uyğun olaraq dərc edilib: "Hər iki kitabın mətni yığcam şəkildə 31 səhifədən ibarətdir, bu, bir məqalədir. Bunların kitab halına salınması, 8 dildə tərcümə olunması isə xüsusi bir işdir. Bu kitablarda bizim dünya ictimaiyyətinə son 200 ildə ermənilərin başımıza gətirdikləri bəlalar haqda çatdırdığımız hədəflər 31 səhifədə verilib. Kitablarda xəritələr, digər sənədlər yer alıb. Kitabların ərsəyə gəlməsində buraxılışa məsul, AZƏRTAC-ın baş direktoru Aslan Aslanova və kollektivinə, kitabların elmi redaktoru Elçin Əhmədova, vətəndaşlıq missiyası ilə tərcümə işini həyata keçirən Azad Akifoğluna təşəkkürümü bildirirəm. Azərbaycan Sasanilər, Əhəmənilər, Rusiya, Osmanlı, Monqol-tatarların əsarəti altında olub. Həmin dövrlərin xəritələri toplanaraq tərcümə olunub. Kitablar 8 dildə çap olunub. Dünyadakı 7 milyard əhalinin əksəriyyəti bu 8 dildən birini bilir. Kitablar elektron şəkildə buraxılacaq. Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik.
Fürsətdən istifadə edib Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası çərçivəsində xarici ölkələrin Xocalı soyqırımını tanıyan bəyanatları, qətnamələri kitablarda əksini tapıb. Kitablar əsasında hazır mənbəşünaslıq bazası yaradılıb. Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB