Bakı Slavyan Universitetində(BSU) Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən BSU-nun rektoru Nurlana Əliyeva bildirib ki, ötən 25 il iki dövlətin əməkdaşlığının inkişafında mühüm hadisələrlə yadda qalıb. O deyib ki, Azərbaycan-Ukrayna əlaqələri tarixi köklərə malikdir. Müstəqillik əldə etdikdən sonra isə iki ölkənin münasibətləri daha da inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə bu əlaqələr daha yüksək səviyyəyə çatdı. Rektor əlavə edib ki, BSU-da 11 ölkənin Mədəniyyət və Tədris Mərkəzi fəaliyyət göstərir: "İlk açılan mərkəzlərdən biri məhz Ukrayna mərkəzidir. Hazırda bu mərkəzdə 44 tələbə Ukrayna dilini öyrənir. Bu, bizim üçün böyük şərəfdir.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O deyib ki, Ukrayna Azərbaycanla münasibətlərə xüsusi önəm verir. İki ölkənin hələ sovet dönəmində çox gözəl münasibətləri olub.
Ali Radada Azərbaycan-Ukrayna Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy isə iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vuğulayıb. Əlavə edib ki, ötən il prezident Petro Poroşenkonun Azərbaycana səfəri də bunun göstəricisidir. O bildirib ki, sabiq prezidentlər Heydər Əliyev və Leonid Kuçma iki ölkənin siyasi-iqtisadi əlaqələrinin inkişafının gələcəyi üçün etibarlı fundament yaratmışdılar: "Prezident İlham Əliyev altı dəfə Ukraynaya işgüzar və rəsmi səfər edib. Bütün bu yüksək səviyyəli səfərlər münasibətlərimizin inkişafında vacib rol oynayıb".
Daha sonra tədbirin bədii hissəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB