“Prezidentin Münhen səfəri iştirakçılar arasında böyük rəğbət doğurdu” ŞƏRH

“Prezidentin Münhen səfəri iştirakçılar arasında böyük rəğbət doğurdu” ŞƏRH

"Azərbaycan Prezidentinin Münhenə səfəri və orada keçirdiyi görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu, dünyada təhlükəsizlik sistemlərinə həsr olunmuş məşhur konfranslardan biridir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Prezident BMT-nin baş katibi Antonio Quterreş, İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyənin baş naziri Binəli Yıldırımla görüşdü: "Bu görüşlərin hamısı Azərbaycan dövlətinin imicinin yüksəlməsində, həmçinin Dağlıq Qarabağ probleminin izah edilməsində çox əhəmiyyətli rol oynadı. BMT-nin Baş katibi ilə görüşü xüsusilə vurğulamaq istəyirəm. Çünki o, bu vəzifəyə yeni seçilib, Azərbaycanın problemlərini o qədər də yaxşı bilmir. Bu baxımdan da onunla görüş həm BMT-nin Qarabağa dair məlum qətnamələrinin xatırladılması, həm də Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasında çox böyük önəm daşıyır. Libermanla görüş də az əhəmiyyətə malik deyil. Çünki İsrailin baş naziri Netanhyahu bu yaxınlarda Azərbaycana səfər etmişdi. İki ölkə arasında bir sıra hərbi sənaye məhsullarının alınması istiqamətində razılaşmalar əldə edilmişdi. Bu proses də gedir. Liberman Azərbaycana yaxın olan şəxslərdən biridir. Sovet İttifaqından getmiş yəhudilərdəndir. Ona görə də Azərbaycana böyük rəğbəti var və həmişə də ölkəmizi təbliğ edir. Mən güman edirəm ki, görüş zamanı Azərbaycan üçün çox əhəmiyyətli olan ölkəmizin hərbi sənaye kompleksinin yaradılması məsələlərinə də toxunulub və bu barədə prinsipial razılaşmalar əldə olunub".

Politoloqa görə, Türkiyənin baş naziri ilə olan görüşün də əhəmiyyəti böyükdür: "Çünki Türkiyə Dağlıq Qarabağ problemi ilə ciddi surətdə nəinki maraqlanır, proseslərin obyektiv və beynəlxalq hüquqa uyğun getməsi üçün Azərbaycana çox yaxından kömək göstərir. Mən inanıram ki, bu görüşün də çox böyük əhəmiyyəti var. Prezident enerji problemlərinə həsr olunmuş dəyirmi masaya da qatılıb və orda Azərbaycanın Avropanı enerji ilə təmin etməsi məsələsinə toxunulub. Bildirilib ki, Azərbaycan bu gün Avropanın ən azı üçdə bir hissəsini neftlə təmin edir, yaxın vaxtlarda isə Avropanın böyük hissəsini mavi qazla da təchiz edəcəkdir. Bütün bunlar Avropa ölkələri üçün prinsipial əhəmiyyətə malikdir. Avropa ölkələri də Azərbaycanın bu missiyasına çox böyük hörmətlə yanaşırlar və bu səbəbdən də Prezidentin Münhen səfəri iştirakçılar arasında böyük rəğbət doğurdu. Səfər uğurlu olub və Azərbaycana çoxlu dividentlər gətirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə