Bakı supergüclərin mərkəzi rolunda SİYASİ ANALİZ

ABŞ və Rusiya generallarının Azərbaycanın paytaxtında qlobal siyasi problemləri həll etmək təşəbbüsləri məhz bu cür qiymətləndirilir
Bakı supergüclərin mərkəzi rolunda SİYASİ ANALİZ

Bəlli olduğu kimi, Rusiya müdafiə nazirliyi, eləcə də Rusiya və ABŞ silahlı qüvvələri baş qərargah rəisləri Bakıda görüş keçirmək qərarı veriblər. Azərbaycanın paytaxtı Bakı supergüclərin mərkəzi rolunu oynamaqla, yaxud grüş yerinin Bakı olaraq seçilməsi özü-özlüyünə bir çox əhəmiyyətli məqamları ehtiva etməkdədir. Onu da qeyd edək ki, Rusiya MN-nin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun və ABŞ silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakı görüşü son illər Yaxın Şərqdə, həmçinin Suriyada, İraqda, Yəməndə baş verən hadisələrdən birgə çıxış yolunun axtarılması ilə bağlıdır.

Azərbaycanın dünyada və regionda tutduğu mövqeyi supergüclər tərəfindən yönəldilən siyasətə təkanverici güc olmasını kifayət qədər təsdiq edir

Əgər bunu nəzərə alarsaq, Bakının sözügedən istiqamətdə mərkəz kimi seçilməsi həm də bütövlükdə Azərbaycanın beynəlxalq aləmdə oynadığı mühüm və müsbət mənadakı siyasi platsdarm rolunu isbatlayır. Hər halda ABŞ və Rusiyanın ali hərbi kontingent rəhbərləri görüş məkanı kimi Bakını deyil, başqa bir ölkənin paytaxtını seçə bilərdilər. Lakin seçim dayanacağının məhz Bakı olması Azərbaycanın regionda tutduğu mövqeyinin dünyada supergüclər tərəfindən yönəldilən siyasətə təkanverici güc olmasını kifayət qədər təsdiq edir.

Halbuki, ABŞ-la Rusiya arasında hərbi əlaqələrə Amerikanın sabiq prezidenti Barak Obamanın adminitrasiyası dövründə demək olar ki, son qoyulmuşdu. Xüsusilə, Suriyada davam edən müharibə kontestində ölkələr arasında ciddi siyasi intriqalar, anlaşılmazlıqlar hökm sürürdü. Hətta belə davam edəcəyi halda bir çox nüfuzlu politoloqlar soyuq müharibənin aşkar savaşa transfer olunacağı siqnallarını verirdilər. ABŞ-da keçirilən növbəti prezident seçkisi və bu seçkilərdə Trampın Barak Obamanın da dəstəklədiyi xanım namizəd Hillari Klinton üzərində qələbə qazanması savaş təhlükəsini sovuşdurdu.

Ona görə də Bakı görüşü Donald Tramp administrasiyasının Putin administrasiyası ilə ilk yüksək səviyyəli təması da hesab oluna bilər. Xatırlatmaq yerinə düşərdi ki, seçki kampaniyası dövründə və seçkilərdən sonra Tramp dəfələrlə deyib ki, İŞİD-in və s. radikal islamçı terror şəbəkələrinin darmadağın edilməsi üçün Rusiya ilə tərəfdaşlığa hazırdır. O cümlədən, əgər nəzərə alsaq ki, ABŞ-da keçirilmiş president seçkiləri zamanı və sonra prezident Donald Tramp bu ölkə ilə Rusiya arasındakı diplomatik və hərbi münasibətlərdə yeniliklər edəcəyini, köhnə stereotipləri aradan qaldıracağını vəd edirdisə, artıq onun həmin vədi reallaşdırmağa başladığnı düşünmək olar.

Rusiyanın müdafiə nazirliyi və Pentaqon rəsmi olaraq: "Bakıda dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq"

Eləcə də Rusiya prezidenti Vladimir Putin də Trampın həmin qərarına müsbət reaksiya verərək, ABŞ-Rusiya münasibətlərinə yenidən baxılacağı mümkünlüyünü bəyan etmişdi. Əbəs yerə deyil ki, artıq Rusiyanın müdafiə nazirliyi Bakı görüşü barədə bəyan edib ki, razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir: "Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq".

Göründüyü kimi, burada xüsusilə qeyd edilib ki, dünyda cərəyan edən siyasi böhranlı vəziyyətin həlli istiqamətində fakir mübadilələri aparılacaq, mümühm qərarlar veriləcək.

Məhz Pentaqonun da bu istiqamətdə mövqe bildirməsi həmin fikirləri isbat edir: "Generallar Danford və Gerasimov "potensial böhranların və yanlışlıqların aradan qaldırılması məqsədi ilə hərbçilər arasında aydın vı ardıcıl əlaqələrin mühümlüyünü" müzakirə edəcəklər".

Beləliklə, Bakı görüşü ABŞ və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüş kimi tarixə düşmək ərəfəsindədir.

Bakı görüşü ilə eyni zamanda Bonnda…

Daha bir əhəmiyyətli nüansa diqqət yetirək. Belə ki, Bakı görüşü zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson Almaniyanın Bonn şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Bununla bağlı siyasi çevrələrdə təmsil olunan mənbələr də bildirirlər ki, bu görüşdə məqsəd Tramp administrasiyasının Rusiya ilə münasibətlərin gələcəyini müəyyənləşdirmək istəyidir. "Tillerson G-20 ölkələrinin xarici işlər nazirlərinin Bonnda keçiriləcək toplantısına qatılmaq üçün Vaşinqtondan yola düşüb. Dövlət katibinin təyyarəsi Vaşinqtondan yola düşməyə hazırlaşarkən silahlı qüvvələrin qərargah rəisləri Komitəsi generallar Danford və Gerasimovun Bakıda görüşəcəyinə dair sensasion məlumatı yayıb"-deyə mənbələr qeyd edirlər.

Rusiya XİN də təsdiq edir ki, Sergey Lavrov Bonn toplantısının kuluarlarında Reks Tillersonla görüşəcəyi artıq qərarlaşdırılıb və bu, Tillersonun dövlət katibi təyin edilməsindən sonra Rusiya xarici işlər naziri ilə ilk görüşüdür.

Nəticə etibarilə fakt budur ki, dünyada cərəyan edən və qlobal siyasi proseslərə təsir imkanları olan ABŞ və Rusiyanın siyasi elitalarının Bakı-Bonn yaxınlaşmaları, xüsusilə hərbi komandanlıqlarının Azərbaycan paytaxtında müzakirələrə qatılmaq qərarı Bakının dünya siyasi fonundakı yerini və rolunu ən yüksək səviyyəyə qaldırır. Hər halda baş verənlər də məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə