Ermənistan ordusunun acınacaqlı vəziyyəti TƏHLİL

Ermənistan ordusunun acınacaqlı vəziyyəti TƏHLİL

Son vaxtlar erməni mətbuatında düşmən ölkə əsgərlərinin intihar etməsi ilə bağlı kifayət qədər çox yazılara rast gəlmək mümkündür. Lakin yazılarda ən diqqət çəkən məqam onların ailələrinin buna inanmamasıdır. Əsgərlərin demək olar ki, əksəriyyətinin ailəsi və yaxınları bunu intihar deyil, özünüöldürməyə məcbur və yaxud da qəsdlə öldürmə faktı olduğunu bildirirlər. Buna misal olaraq yanvar ayının 25-də özünü intihar etmiş kimi qələmə verən əsgər Şavarş Qalstyanın yaxınları onun intiharına inanmadıqlarını, onun qəsdlə öldürüldüyünü bildirmişdilər.

Digər intihar edən əsgərlərin ailələri də açıqlamalarında övladlarına işgəncələrin verildiyini və nəticə etibarı ilə silahlarını əllərinə verib özlərini öldürməyə məcbur edildiklərini bildirirlər. Ermənistan ordusunda acınacaqlı vəziyyətdən söz açan əsgər valideynləri övladları ilə görüşləri zamanı onların həddindən artıq pis şəraitdə saxlandıqlarını qeyd edirlər. Onlar övladlarının əsgərlik xidmətində olmasına baxmayaraq, əsgər ləvazimatları ilə təmin olunmadığını, hətta ayaqlarında əsgər çəkməsinin olmadığını bildirirlər.

Yuxarıda qeyd etdiyimiz Şavarş Qalstyanın ana və bacısı da armtimes.com-a müsahibələrində Şavarşla son görüşlərində onun əsgər çəkməsinin olmadığını, ayağında dəhşətli yaralar, iç geyiminin cırılmış vəziyyətdə olduğunu bildirmişdilər. Əsgər valideynləri övladlarını çətin vəziyyətdə saxladığına görə, Serj Sarkisyanı lənətlədiklərini, tezliklə onun cəzalanacağına ümid etdiklərini bildirirlər. Məlumatlarda Ermənistanda həlak olan əsgərlərin 50 faizinin özləri tərəfindən öldürüldüyü qeyd olunur.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, son vaxtlar Ermənistan ordusunda baş verən intiharların artmasının səbəbi ümidsizlikdir: "Çünki onlar özgə dövlətin torpaqlarında olduqlarını anlayır. Ermənistan xalqı başa düşür ki, övladları işğal olunmuş ərazilərdə öz torpaqlarının müdafiə etmir, onun uğrunda vuruşmurlar. Öz torpağı naminə vuruşmayan əsgərlərin əsir düşməsi, şəhid olması onların yaxınlarını da narahat edir. Dağlıq Qarabağda məcbur şəkildə saxlanılan əsgərlərin vəziyyəti həddindən artıq acınacaqlıdır. Bu da nəticə etibarı ilə Ermənistanda narazılığa, etirazlara gətirib çıxarır".

Politoloq qeyd edib ki, Dağlıq Qarabağda Ermənistan tərəfindən saxlanılan əsgərlər, eləcə də onların yaxınları dərk edirlər ki, özlərinə məxsus olmayan ərazilərdə qalıb kiminsə maraqlarını icra etmək onların maraqları ilə üst-üstə düşmür: "Artıq erməni əsgərləri reallıqla üzləşdiyi üçün intihara, qaçmağa üstünlük verməyə başlayıblar".

Ermənistanın müharibə vəziyyətində olduğunu xatırladan F.Sadıqov düşmən ölkənin xarici dairələr tərəfindən dəstəkləndiyini də dilə gətirib: "Ermənistan ordusu öz istəyi ilə bizim torpaqlarda qalmır, onlar təbii ki, siyasi tapşırıq əsasında əmrləri icra edirlər və nəticədə çoxlu sayda qurban vermiş olurlar. Bunu görən erməni əsgərləri verilən əmri icra etmədikləri üçün ya ağır işgəncələrlə üzləşir, ya intihar etməklə canını qurtarır, ya da qaçır. Reallıq budur ki, Ermənistanın qeyri-konstruktivliyi nəticəsindən Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi nəticəsindən kiminsə sərəncamları yerinə yetirən erməni əsgərləri həlak olur, düşmən ölkədəki mövcud rejimin qurbanına çevrilirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə