Mərkəz sədri: “İran Türkiyənin Rusiya ilə yaxınlaşmasından narahatdır” MÜNASİBƏT

Mərkəz sədri: “İran Türkiyənin Rusiya ilə yaxınlaşmasından narahatdır” MÜNASİBƏT

"Tramp Rusiyaya digər məsələlərdə güzəştə gedəcəyi təqdirdə Suriya tənzimlənməsində pay ala bilər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Suriya tənzimlənməsi üzrə Astana danışıqlarında iştirak edən tərəflərin ayrı-ayrılıqda mövqeləri də kifayət qədər diqqət çəkir:

I. Rusiya özünü Suriya məsələsinin tam sahibi kimi aparır. Rusiya tərəfi Astana görüşündə Suriyanın yeni konstitusiyasını təklif etdi. Bununla da RF özünü ABŞ statuslu olduğunu nümayiş etdirdi. Vaxtı ilə ABŞ İraqın konstitusiyasını hazırlayıb təqdim etmişdi. RF Xİ naziri S.Lavrov RF-in Suriyaya konstitusiya hazırlanmasının ABŞ-ın konstitusiya hazırlanmasından fərqli olduğunu bildirdi.

Suriya tənzimlənməsi Rusiya üçün ABŞ-la münasibətlərdə resurs rolunu oynaya bilər. D.Tramp prezident seçildikdən sonra Rusiya ilə münasibətləri seçki kampaniyası dövründə bəyan etdiyindən kəskin fərqlənir. V.Putinin təbrikini yalnız 8 gündən sonra qəbul etdi. Rusiyaya qarşı sanksiyaların ləğv olunmasının vaxtının çatmadığını bildirdi. B.Obama dövründə ABŞ Suriya tənzimlənməsindən uzaqlaşdırıldı. D.Trampın Suriya tənzimlənməsinə münasibəti fərqlidir. Onun fikrincə, ABŞ Suriyada prezident B.Əsədə qarşı deyil, İŞİD-ə qarşı mübarizə aparmalıdır. Eləcə də D.Tramp Suriyaya qoşun göndərə bilməyəcək. B.Obamanın belə siyasətini o kəskin tənqid etmişdi. Dinc tənzimlənməyə qoşulmaq üçün Rusiyanın roluna möhtacdır. Hələbin və Dəməşq şəhərinin su mənbələrinin azad olunmasından sonra Suriya silahlı müxalifətinin imkanları xeyli məhduddur. D.Tramp Rusiyaya digər məsələlərdə güzəştə gedəcəyi təqdirdə Suriya tənzimlənməsində müəyyən paya malik ola bilər.

Rusiyanın digər iki qarant dövlət-Türkiyə və İran arasında oyun apardığı da hiss olunur. Rusiya Astana danışıqlarından sonra danışıqlarda iştirak edən Suriya təmsilçiləri xüsusilə silahlı müxalifətin təmsilçiləri ilə eləcə də danışıqlardan imtina etmiş Suriya kürdləri ilə də görüş keçirdi. Rusiya Suriya tənzimlənməsində iştirak etmək üçün heç bir tərəfə məhdudiyyət qoymur. Bu V.Putinin Suriya tənzimlənməsində güclü olduğunun göstəricisidir.

II. Suriya prezidenti B.Əsəd getdikcə Suriya ilə aid məsələlərdə ingilis kraliçasına çevrilir. Bütün məsələləri RF həll edir. B.Əsədin Rusiyanın təkliflərinə müqavimət göstərmək imkanı yoxdur. B.Əsəd D.Tramp ABŞ-ı ilə Rusiyanın münasibətlərinin normalaşacağını və bunun Suriya tənzimlənməsinə müsbət təsir edəcəyini düşünür. ABŞ konqresinin Havay ştatından demokrat T.Qabbardın B.Əsədlə görüşməsi kiçicik də olsa B.Əsədə nəfəslik yarada bilər. Amma RF Tartusdakı hərbi bazası ilə bağlı B.Əsədə yeni müqavilənin imzalatması B.Əsədin uzun müddət V.Putinin təsirində qalacağını göstərir.

Suriyanın rəsmi danışıqçıları Astanada silahlı müxalifətin təmsilçiləri ilə görüşdən imtina etdi.

III. Suriyanın siahlı müxalifəti reallıqla barışan və Rusiyanın hesabına məğlubiyyətə doğru getdiyini anlayan qüvvədir. Suriyanın silahlı müxalifəti Astana konfransının gedişində birləşib böyük gücə çevrildi. Bu onların son şansı ola bilər. Əgər ABŞ-dan hər hansı formada dəstək gəlməsə, Suriyanın silahlı müxalifəti Rusiyanın Suriya üzrə planının tərkib hissəsi olmaqdan imtina edə bilməyəcək. Suriya müxalifəti Türkiyənin Suriya tənzimlənməsində iştirakına müqavimət göstərmir, tərəfdardır. Rusiyanın mövqeyinə qarşı çıxmağı mənasız hesab edir. Suriya müxalifəti İranın Suriya tənzimlənməsində iştirakının tam əleyhinədir. Onun fikrincə İran Suriyanın daxilində həm öz ölkəsinin vətəndaşlarından, həm də digər ölkələrin (İraq, Əfqanıstan, Yəmən, Livan və s.) vətəndaşlarından ibarət ordular yaradıb. Silahlı müxalifət İranın qoşunlarının çıxmasını tələb etdi. İran bu tələbi yerinə yetirməkdən imtina etdi.

Silahlı müxalifətin təmsilçiləri Rusiyanın təklif etdiyi konstitusiyanın müzakirəsindən imtina etdilər. Onların fikrincə Suriyanın problemi konstitusiyada deyil, B.Əsəddədir. Onun da taleyi müzakirə olunmur.

IV.Türkiyə Rusiya ilə siyasi və hərbi əməkdaşlığın bəhrəsini dadır. İki ölkə birlikdə Suriyada hərbi əməliyyatlar keçirdilər. Türkiyə Rusiyanın hərbi dəstəyi ilə əl-Bab şəhərinə girməyə hazırlaşır. əl-Bab şəhərinə daxil olmaq Türkiyə üçün kürd məsələsində vacib addımdır. Türkiyə İranın iştirakının o qədər də tərəfdarı deyil. Türkiyə Rusiya ilə hərbi-siyasi əməkdaşlıqdan fayda götürsə də ABŞ-ın Suriya tənzimlənməsinə xüsusilə hərbi variantda qoşulmasına ciddi can atır.

Türkiyə Suriya kürdlərinin danışıqlar prosesində iştirakının əleyhinədir. Türkiyənin kürdlərin iştirakına razılıq verməməsi kürdləri Rusiyaya daha da yaxınlaşdırır.

Yayılan məlumatlara görə ABŞ Suriyada kürdlər üçün hərbi baza yaratmağa başlayıb. ABŞ bunu Türkiyənin İncirlik bazasına qarşı təhdidləri ilə əlaqələndirir. Amma Suriya kürdlərinin yaratdığı hərbi baza Suriyanın daxilində də istifadə edilə bilər.

V. İran Suriya tənzimlənməsində ABŞ-ın taktikasını özününküləşdirib. İranın Suriyanın daxilində silahlı qüvvələri hədsiz çoxdur. Hətta İran rəsmən SEPAH dəstələrini Suriya ərazisindən çıxarsa da digər dövlətlərin vətəndaşlarından (Əfqanıstan, Livan, İraq, Yəmən və s.) yaratdığı silahlı dəstələr Suriya ərazisindən çıxa bilməyəcək. Heç kəs bunların İrana məxsus olduğunu sübut edə bilməyəcək. Son bir il ərzində bir neçə dəfə İranın Talibanla danışıqlar aparması barədə məlumatlar yayılıb. İndi əfqan mənşəli döyüşçülərdən ölənlərin sayının çox olması diqqəti çəkir. Bu əfqan döyüşçülərinin daha aktiv zonada olduğunu göstərir. Həm də İran bu əfqanların ona deyil, talibana məxsus olduğunu iddia edə bilər. Digər ölkələrdən topladığı vətəndaşlar üçün də belə miflər yaratdığını ehtimal etmək olar.

İran Türkiyənin Rusiya ilə yaxınlaşmasından narahatdır.

İran ABŞ-ın Suriya danışıqlarında iştirakının əleyhinədir.

VI. Suriya kürdləri Astana danışıqlarına qatılmamaqdan zərrə qədər narahat deyillər. Bir gün sonra onlar Moskvada S.Lavrovla görüşdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə