Musa Quliyev: "Prezidentin müşavirədəki fikirləri fəaliyyət proqramıdır" AÇIQLAMA
"Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında xüsusilə də ölkə başçısının nitqində söylədiyi fikirlər Azərbaycanın 2017-ci və gələcək illərdə sosial iqtisadi inkişafının yol xəritəsidir". Bunu SƏS TV-yə açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.
Ölkə başçısının Nazirlər Kabinetinin müşavirəsində Azərbaycanın artıq sosial iqtisadi inkişafının yeni post-neft mərhələsinə qədəm qoyması ilə bağlı fikirlərini xatırladan millət vəkili söyləyib ki, dünyada baş verən çox ciddi hadisələr ötən ili ağır il kimi xarakterizə etdi və arxada qoydu: "Buna baxmayaraq, ötən il Azərbaycan dövləti üçün inkişafda olan il kimi xarakterizə olunur. Çünki, bütün çətinliklərlə yanaşı, ötən il Azərbaycan iqtisadiyyatına 11.7 dollar investisiya qoyulub ki, onun 8 milyonu xarici, qalanı isə daxili investisiyadır. Ölkə başçısının söylədiyi kimi Azərbaycanın daxili siyasətində sosial siyasət hər zaman prioritet olub, bu il də belə olacaq".
M. Quliyev qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsində də müəyyən azalmalar olmasına baxmayaraq, sosial xərclər nəinki azalmayıb hətta artıb və büdcənin demək olar ki, 40 faizi məhz bu xərclər üçün nəzərdə tutulub: "Bu il, əhalinin sosial müdafiəsinin təmin olunması, rifah halının yaxşılaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bunlar təkcə əmək haqlarının pensiyaların müavinətlərin artırılması ilə bağlı deyil. Təbii ki, bunlar da olacaq. Çünki ölkədə yaşayış minimumunu 135 manatdan 156, ünvanlı sosial yardımın təyin edilməsi üçün lazım olan ehtiyac meyarı isə artırılaraq 116 manat müəyyənləşdirilib. Amma bu il sosial müdafiəni təmin edən digər parametrlər də yaxşılaşacaq. Misal üçün uşaq bağçaları, məktəblər, xəstəxanalar tikilib, təmir olunacaq, istirahət parkları salınacaq, infrastruktur yaxşılaşacaq ki, bütün bunlar əhalinin sosial rifah halına da təsir edəcək".
Ötən il sosial evlərin tikilməsi ilə bağlı ən böyük sosial layihəyə start verildiyini deyən millət vəkili söyləyib ki, bu ilin ikinci yarısında 2000 vətəndaş həmin evlərlə təmin olunacaqlar: "Bu layihə təbii ki davam edəcək. Təkcə 2017-ci ildə 29 belə binanın tikilməsi nəzərdə tutulur. Respublikanın bütün regionlarında bu iş həyata keçiriləcək. Yeni iş yerlərinin açılması nəzərdə tutulub. Ötən il ağır il olmasına baxmayaraq, 100 min yeni iş yeri açılıb. Əhalinin sosial müdafiəsini təmin etmək üçün ərzaq təhlükəsizliyi, qiymətlərin tənzimlənməsi, eləcə də inflyasiyanın bir rəqəmli həddə salınması ilə bağlı məsələlər sosial müdafiəyə hesablanan addımlardır ki, bu il də bu işlər davam etdiriləcək".
"Ümumiyyətlə Nazirlər Kabinetinin son müşavirəsində ölkə başçısının həm əvvəldə, həm də sonda söylədiyi fikirlərin hər biri fəaliyyət proqramıdır. Bu baxımdan müvafiq qurumlar bu işləri vaxtaşırı yerinə yetirəcəklər" - deyə, M. Quliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB