“Fransanı tərk edin və İsrailə gəlin” YƏHUDİLƏRƏ ÇAĞIRIŞ

“Fransanı tərk edin və İsrailə gəlin” YƏHUDİLƏRƏ ÇAĞIRIŞ

İsrailin müdafiə naziri Avqidor Liberman Fransadakı yəhudilərə ölkəni tərk etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" nəşri yazır.

"Çox yəqin ki, Fransada yaşayan yəhudilərə bu sözü deməyin zamanı çatıb: "Bu, sizin ölkə deyil, bu, sizin torpaq deyil, Fransanı tərk edin və İsrailə gəlin",- deyə nazir "İsrail bizim Evimizdir" partiyasının yığıncağında bəyan edib.

Nəşr yazır ki, Libermanın fikirləri 2017-ci ilin 15 yanvarında Fransanın təşəbbüsü ilə Yaxın Şərqdə beynəlxalq sülh konfransı ilə bağlı keçiriləcək tədbir ərəfəsinə təsadüf edib. Konfransda 70 ölkə və beynəlxalq təşkilatlar iştirak edəcək. İsrail əvvəlcə forumun əleyhinə çıxış edib və bəyanat yayıb ki, bu tədbirdə iştirak etməyəcək. Nazirin sözlərinə görə, yəhudilərin Fransadan çıxışı onlara qarşı təxribata olan yeganə cavabdır. O, bunu "İsrail dövlətinə qarşı tribunal" və "müasir Dreyfus işi" adlandırıb.

O, həmçinin əlavə edib ki, konfransın real hədəfi "İsrail dövlətinin təhlükəsizliyini pozmaq və adının qaralanmasıdır".

Xatırladaq ki, dekabrın 23-də BMT-nin təhlükəsizlik şurası Fələstinə aid ərazilərdə İsrail yaşayış məntəqələrinin tikintisini qanunsuz adlandırıb. İsrail isə öz növbəsində bəyan edib ki, bu qərarı tanımır və onu icra etməyəcək.

Onu da qeyd edək ki, İsrail bir neçə gün öncə də bənzər addım atmışdı. İsarilin "Ediot Axronot" nəşri də yazmışdı ki, İsrail BMT-nin qətnaməsinə qarşı cavab tədbirləri görəcək. Nəşrin qeyd etdiyinə görə, bu tədbirlər BMT-nin Yaxın Şərq üzrə agentliyinin fələstinli qaçqınlara yardımına yönələcək. İsrail hökuməti həmçinin BMT-nin bir sıra qurumlarına maliyyə yardımı göstərməyəcəyini də bəyan edib.

İsrailin baş naziri Benyamin Netanyahu isə qətnaməni "utancverici" adlandırararaq BMT-nin israillilərə öz oyun qaydalarını oynamağa məcbur etməkdə günahlandırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə