Polşada Həmrəylik Günü qeyd edilib

Polşada Həmrəylik Günü qeyd edilib

Azərbaycanın Polşadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib. SİA-ya səfirlikdən verilən məlumata görə, tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, səfirliyin konsulluq bölməsinin qeydiyyatında olan vətəndaşlarımız və polşalı qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfirliyin müşaviri Ülvi Baxşəliyev hər kəsi qarşıdan gələn bayram və Yeni il münasibətilə təbrik edib. Həmrəylik günü haqqında danışarkən Ü. Baxşəliyev bildirib ki, 1991-ci ilin 16 dekabrında ümummilli lider Heydər Əliyev hələ Naxçıvan MR Ali Məclisinin sədri olarkən 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. O gündən bütün azərbaycanlılar bu tarixi birlik günü kimi qeyd edir. Ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimizin birliyinin əhəmiyyətindən, xüsusilə də Polşada fəaliyyət göstərən diaspora təşkilatlarından danışan Ü. Baxşəliyev, Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin məhz öz soydaşlarımız tərəfindən Polşa ictimaiyyətinə çatdırılmasının mühüm olduğunu vurğulayıb. Bu istiqamətdə görülən tədbirləri sadalayan Ü.Baxşəliyev, Polşada yaşayan hər bir azərbaycanlını bu istiqamətdə fəaliyyətdə daha da fəal olmağa çağırıb.

2016-cı ildə səfirliyin fəaliyyəti, həyata keçirilmiş səfərlər, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 7-9 iyul tarixlərində Polşaya işgüzar səfəri haqqında məlumat verib. 2017-ci ildə səfirlik tərəfindən keçirilməsi nəzərdə tutulmuş tədbirlər haqqında danışarkən həmvətənlərimizin də təşəbbüs və təkliflərlə çıxış etməsinin zəruriliyini vurğulayıb. Bunun xüsusən 20 Yanvar və Xocalı soyqırımı faciəsinə aid olduğunu söyləyib.

Daha sonra qonaqlar Azərbaycan diasporasının üzvü Həmid İbadullayevin rəhbərlik etdiyi və polyaklardan ibarət olan trionun (skripka, gitara, dəf) ifasında Azərbaycan xalq mahnılarından və diaspora üzvü Cəlal Əliyevin ifasında (fortepiano) Azərbyacan bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramını dinləyiblər. Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxi nümunələrindən ibarət ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə