“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” DƏYİRMİ MASA - SƏS TV
Bu gün "Səs" qəzetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, millət vəkilləri Məlahət İbrahimqızı, Azər Badamov, YAP Siyasi Şurasının üzvü, "İki sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, AMEA-nın fəlsəfə institutunun filosofu Vahid Ömərov, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov, fəal gənclər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev son 13 ildə "Səs" qəzetinin redaksiyasında anım tədbirlərinin mütəmadi olaraq keçirilməsinin əsas səbəblərindən birini də açıqlayaraq qeyd edib ki, "Səs" qəzeti Ulu Öndər Heydər Əliyevin ən sevdiyi qəzetlərdən biri olub: "1992-ci ildə "Səs" qəzetində xalqın əksəriyyəti adından 91 ziyalının müraciəti, həmin ilin oktyabrın 24-də isə Ulu Öndərin xalqa ünvanlanan cavabı dərc olunub".
B.Quliyev sonra tədbir iştirakçılarını dəyirmi masaya dəvət olunanlarla tanış edib. Bildirib ki, onların hər biri Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən danışa bilən şəxslərdir: "Tədbiri məhz gənclərin iştirakı ilə keçirməyimizin məqsədi budur ki, bura dəvət olunan qonaqlar öz dövlətçilik təcrübələrini gənclərə izah etsinlər və gənclər də öz növbələrində sağlam ideya üzərində dövlətçilik naminə xidmət etsinlər".
"Səs" Media Qrupun rəhbəri sözü Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədova verib. N.Məmmədov bildirib ki, bu günlərdə Ulu Öndəri anmaq, onun keçdiyi şərəfli yol, gördüyü genişmiqyaslı işlər haqqında fikir mübadiləsi aparıb, bir qənaətə gəlmək hamının borcudur.
PA rəsmisi vurğulayıb ki, dəyirmi masanın məhz "Səs" qəzeti və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən birgə təşkil edilməsi çox mühüm hadisədir və bu, yüksək qiymətləndirilməlidir: "Biz keçmişi unutmamalıyıq. Mən keçmiş deyəndə keçdiyimiz yolu deyirəm. Ulu Öndər elə bir şəxsiyyət olub ki, zaman baxımından nə qədər uzaqlaşsa da, qəlbən, ruhən bir o qədər yaxınlaşıb. Xalqımız üçün ən böyük sərvət onun müstəqil dövlətçiliyidir və bundan güclü sərvət ola bilməz. Bu nöqteyi nəzərdən Ulu Öndər bizə elə bir sərvət qoyub ki, biz onu göz bəbəyimiz kimi qorumalı, daha da inkişaf etdirib genişləndirməliyik".
N. Məmmədov qeyd edib ki, Ümummilli Liderin Azərbaycan tarixində rolu müqəddəsdir: "Ulu Öndər bizim dünyamıza sanki bir elçi kimi gəldi və elçi kimi də getdi. O, bizə müstəqil dövlətimizi necə qorumaq lazım olduğunu öyrətdi. Biz ilk günlərdən seçdiyimiz yolu, istiqaməti bu gün də sədaqətlə davam etdirirk. Bu baxımdan biz bir çox dövlətlərdən fərqlənirik. Biz bu illər ərzində uğurlu siyasi kurs həyata keçirərək, əvvəlki seçimimizə sədaqət göstərərək bu yolu davam etdiririk. Azərbaycan tarixində belə şəxsiyyətlər çox olub. Lakin onların içərisində ən zirvədə dayanan, məhz dahi Lider Heydər Əliyev olacaq. Ona görə də belə tədbirlərin keçirilməsi, Onun haqqında danışmaq, bizə miras qoyduğu dövlətçilik haqqında fikir mübadiləsi aparmaq əslində bizi Ulu Öndərə daha da yaxınlaşdıracaq".
Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrü ilə bağlı məlumat verib. Millət vəkili qeyd edib ki, Ulu Öndərin dərin, mənalı, keşməkeşli həyatının böyük bir hissəsi Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə bağlıdır.
Onun sözlərinə görə, Ulu Öndərin həyat və fəaliyyəti bir akademiyadır: "Bizim Ulu Öndərdən öyrənəcəyimiz çox şey var. Ümumilli Liderin həyatının Naxçıvanla bağlı hissəsini çox yüksək qiymətləndirirəm. Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan hisəsi Azərbaycanın, eləcə də Naxçıvanın taleyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Bu, həm də müstəqillik hərəkatının formalaşması və genişlənməsi baxımından xalqımızın taleyüklü məsələsinə çevrildi. Belə ki, Ulu Öndərin taleyin hökmü ilə Moskvadan Naxçıvana qayıtması 3 tərəfdən Ermənistan, daha 2 tərəfdən isə başqa xarici ölkələrlə qonşu olan Muxtar Respublikanı əslində düşmən ölkənin işğalından xilas etməsində əsas faktordur. İşğaldan azad edilmiş və möhkəmlənən Naxçıvan Muxtar Respublikası Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinə böyük ərmağanı idi. Ümumilli Lider Naxçıvanda bir neçə məsələni bu istiqamətdə ciddi şəkildə yerinə yetirərək xilaskarlıq missiyasını muxtar respublikadan başlayaraq davam etdirdi. O zaman xalq Ulu Öndər ətrafında sıx birləşdi. Birincisi, o zaman Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi xalqla hakimiyyətin möhkəm birliyinə nail oldu. İkincisi, Ulu Öndər Naxçıvandakı vətənpərvər qüvvələri öz ətrafına toplayaraq Muxtar Respublikada bir neçə mövqedən düşmənin hücumlarına qarşı ciddi müqavimət hərəkatını təşkil etdi. Azərbaycan xalqı dəfələrlə şahidi oldu ki, Ümumilli Lider ən çətin, gərgin dövrlərdə dövlət sərhəddində xalqla birgə oldu. Ulu Öndər döyüş nöqtələrində xalqa səslənərək bəyan etdi ki, Azərbaycan xalqı son damla qanına qədər vuruşmağa davam edəcək və bu birlik Naxçıvanı düşmənin işğalından qoruyan əsas səbələrdən biri oldu".
Dəyimir masanın davamında çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın tarixində və taleyində Ulu Öndərin əvəzolunmaz rolu var. Baş redaktor qeyd edib ki, bu gün müstəqil, qüdrətli, müasir Azərbaycanın varlığı dünya birliyində öz layiqli yerini tutması birmənalı şəkildə Ümumilli Liderin Heydər Əliyevin adı ilə bağlıdır: "Ümumilli liderin ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycanı qoruyub, saxladı. Hansı ki, həmin illərdə insanların sabaha olan inamı itmiş, ölkədə iqtisadi tənəzzül günü-gündən artır, siyasi sabitlik yerinə siyasi və silahlı birləşmələr tüğyan edir, insanlar aclıqla sınağa çəkilirdi. O zaman Ulu Öndər ona ünvanlanan müraciətlə razı olmasaydı, Azərbaycanın gələcək taleyinin necə olacağını təsəvvür etmək çətin olmazdı. Lakin Ulu Öndər millətinə, xalqına dövlətinə bağlı bir şəxsiyyət kimi bu müraciətə biganə qala bilməzdi və Ümummilli Lider Azərbaycanı düşdüyü vəziyyətdən qurtarmaq üçün müraciətə müsbət cavabını verdi. O zaman 91 ziyalı əvəzinə 1091, 100091 ola bilərdi. Çünki o zaman insanların Ulu Öndərə sevgisi çox böyük idi. O zaman hakimiyyətdə olan insanlar bu sevginin maksimum şəkildə söndürülməsinə çalışırdılar. Lakin bu, mümkün deyildi. Heydər Əliyevi sevmək Vətənini, dövlətini sevmək demək idi. Əgər Ulu Öndər olmasaydı, nə Naxçıvan, nə də Azərbaycan olmazdı".
Millət vəkili Məlahət İbrahimqızı belə bir tədbirin kçirilməsinə görə, təşkilatçılara öz təşəkkürünü bildirib. Millət vəkili vurğulayıb ki, Ulu Öndər elə böyük şəxsiyyət, irsdir ki, onun haqqında qısa danışmaq mümkün deyil: "Mən Ulu Öndərin Naxçıvanı xilas etməsi fikri ilə razı deyiləm. Hesab edirəm ki, Ulu Öndər Naxçıvana gəlməklə bütün Azərbaycanı xilas etdi. 1990-ci il 20 Yanvar xatirələrini hər birimiz çox gözəl xatırlayırıq. O zaman bu hadisəni törətməklə Azərbaycan xalqının əzmini, iradəsini qırmaq istədilər. İnsanlarımız o zaman müstəqilliyinə qovuşmaq arzusu ilə meydanlara toplaşmışdı, lakin sovet ordusu Azərbaycan xalqının əzmini qırmaqla 20 Yanvar faciəsini törətməklə yanaşı, ölkədə komendant saatını tətbiq etdilər. Həmin dövrdə iqtidarı səriştəsiz təsüdüfi insanlar təmsil edirdi. Həmin dövrdə çox təəssüf ki, xalq hərəkatında olan "liderlər" xalqımızı faciə və fəlakətin başlanğıcına gətirdilər. 1990-ci ildəki 20 Yanvar hadisəsindən sonra hər kəs düşünürdü ki, Azərbaycan yiyəsiz, başsız ölkədir. Çünki, həmin dövrdə ölkəmizin heç Türkiyə ilə əlaqəsi yox idi. Məhz buna görə də Azərbaycanın bu acı faciəsini Ulu Öndər Moskvada mətbuat konfransı keçirməklə dünyaya çatdıra bildi".
Dəyirmi masanın davamında söz alan deputat Azər Badamov bildirib ki, Ulu Öndər haqqında danışmaq həm məsuliyyətli, həm də şərəfdir: "Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan tarixi Ümumilli Lidersiz mümkün deyil. Çünki bu gün də Azərbaycan Onun ideyaları üzərində inkişaf edir. Dünya tarixində də böyük ölkələrin liderləri olub. Amerikada Franklin Ruzvelt, Türkiyədə Mustafa Kamal Atatürk, Fransada Şarl de Qol və digərləri öz ölkələrində xalqlarını düşdüyü çətin vəziyyətdən qorumuşdu. Ulu Öndəri onlardan fərqləndirən cəhət odur ki, həmin şəxsiyyətlərdə olan bütün müsbət tərəflər məhz Ümumilli Liderdə cəmləşmişdi. Ulu Öndər böyük ideyaların banisidir".
Ulu Öndərin ölkə istisadiyyatına verdiyi töhfələrdən söz açan A.Badamov söyləyib ki, Ümumilli Lider Azərbaycanı 90-ci illərin əvvələrində hökm sürən xaosdan xilas etdi: "Heydər Əliyev ilk növbədə ölkədə sabitliyi təmin etdi, idarətemə sistemi yaradıldı. Ölkənin inkişaf etdirilməsi üçün iqtisadi əsaslar lazım idi. Çünki hər bir ölkənin gücü onun iqtisadi əsaslarından asılıdır. Ulu Öndər də bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Büdcəsində 1 manatı olmayan ölkənin çıxış yolu neftdən istifadə etmək idi. Ulu Öndər ölkəmizin iqtisadi vəziyyətini 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə xilas etdi. Təbii ki, bu müqavilənin imzalanması asan proses deyildi. Çünki həmin dövrdə ölkədə siyasi sabitlik lazımi səviyyədə deyildi və xarici investorları cəlb etmək üçün onları inandırmaq lazım idi. Bu müqavilənin imzalanması ilə Azərbaycanda iqtisadi inkişafın əsasları quruldu. Bu sənəd ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayənin gəlməsinə zəmin yaratdı. Ulu Öndərin uzaqgörən siyasəti ilə o zaman əldə olunan sərmayələrin bir hissəsi qeyri-neft sektorunun inkişafına yönəldi".
Dəyirmi masanın davamında çıxış YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğısından söz açıb.
Tədbir diskussiyalar şəklində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB