Ceyhun Musaoğlu: “Onlarla adama cəzalanacaqları xəbərdarlığını vermişdim” AÇIQLAMA

Ceyhun Musaoğlu: “Onlarla adama cəzalanacaqları xəbərdarlığını vermişdim” AÇIQLAMA

"Əslində "reket jurnalistikası" ilə məşğul olan belə "mətbu orqan"ların aci aqibətlə üzləşəcəyi gözlənilən idi. Onlara Mətbuat Şurası səviyyəsində dəfələrlə xəbərdarlıq olundu. Barələrində Şuraya daxil olan şikayətlər əsasında ciddi araşdırmalar aparılaraq, adları qara siyahıya salındı". Bunu SİA-ya Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, qəribədir ki, qara siyahıda olandan sonra da bu tip "jurnalistlər", "KİV haqqında" qanunun tələblərini poza-poza yollarına davam edirdilər: "Şəxsən mən özüm bu düşüncədə olan onlarla adama cəzalanacaqları xəbərdarlığını dəfələrlə vermişdim. Hər şey göz qabağında idi, onların yazıları jurnalistikaya ümumiyyətlə aid deyildi. Mətbuat Şurası cəzalandıran yox, düz yola qayıtmaları üçün belə nəşrlərə qarşı ictimai qınaq yaradan orqandır. Şura fəaliyyəti boyu bu işi yüksək səviyyədə gördü. Dəfələrlə xəbərdarlıqlar olunmağına baxmayaraq, onlar əməllərindən əl çəkmədilər. Nəhayət işə hüquq-mühafizə orqanları qarışdı. Məntiqi sonluq belə olmalıydı".

C.Musaoğlu əlavə edib ki, Mətbuat Şurası həmişə jurnalistikanın yanında olub: "Bir dənə də fakt göstərə bilmərik ki, ciddi jurnalistikanın əleyhinə olan hadisələrdə Mətbuat Şurası qarşı tərəfin yanında olsun. Həmişə jurnalistikanın təəssübünü çəkən bir qurum kimi Mətbuat Şurası mətbuatın təmizlənməsində maraqlıdır. Bu prosesin mətbuatın xeyrinə davam edəcəyini gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə