Azərbaycanda yeni orden təsis edilir

Azərbaycanda yeni orden təsis edilir

Azərbaycanda yeni orden - "Əmək" ordeni təsis edilir. SİA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklikdə təklif olunur.

Dəyişikliyə əsasən, "Əmək" ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək.

Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təhsilin istehsalatda davamlı nəticəli tətbiqinə görə təltif olunacaqlar.

Layihə müzakirələrdən sonra qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə