Anna Pambuxçyan: “Biz dəfələrlə Kremlin antierməni siyasətinin şahidlərinə çevrildik” ŞƏRH

Anna Pambuxçyan: “Biz dəfələrlə Kremlin antierməni siyasətinin şahidlərinə çevrildik” ŞƏRH

"Ermənistan hökuməti BMT-nin Baş Assambleyası çərçivəsində görünür, ölkəni beynəlxalq demokratiya və qarşılıqlı etimad məsələsi baxımından əbədi olaraq Zimbabvenin, Sudanın, Kambocanın, Belarusun səviyyəsində saxlamaq qərarındadır". SİA xəbər verir ki, bu barədə "Ermənistanın informasiyalı vətəndaşları İttifaqı"nın rəsmisi Anna Pambuxçyan1.in.am saytına verdiyi şərhində qeyd edib. Pambuxçyan bildirir ki, Ermənistan Ukraynanın Krımda insan haqları ilə bağlı qətnamə layihəsini BMT-nin Üçüncü komitəsinə müzakirə üçün göndərilməsinin əleyhinə səs verib.

"Poroşenko Sarkisyanı neytral mövqe sərgiləməyə inandırmağa çalışıb"

O, eyni zamanda öz şərhində qeyd edir ki, Üçüncü komitə humanitar və sosial mövzular üzrə fəaliyyət göstərən qurumdur və səsverməyə bir neçə gün qalmış, noyabrın 11-də Ermənistanın prezidenti Serj Sarkisyan Ukraynanın prezidenti Petro Poroşenkoyla telefon danışığı aparıb: "Danışıq zamanı tərəflər BMT çərçivəsində iki ölkə arasındakı əməkdaşlıq məsələsinə toxunublar. Çox yəqin ki, Poroşenko Sarkisyanı neytral mövqe sərgiləməyə inandırmağa çalışıb".

"Vətəndaş cəmiyyəti birmənalı olaraq Ermənistan hökumətini Rusiyanın "çaldığı tütəyin havasına oynamaqda" ittiham etdi"

"Ermənistanın informasiyalı vətəndaşları İttifaqı"nın rəsmisi Anna Pambuxçyan qeyd edir ki, Ermənistanın BMT-də Rusiyanın xeyrinə səs verməsi bir daha göstərir ki, Ermənistan xarici siyasət müstəqilliyini tamamilə itirib: "2014-cü ilin 27 martında BMT-nin Baş Assambleyasında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı keçiriləcək referendumunun qanunsuz olması ilə əlaqədar səsvermədə Ermənistanın Rusiyanın tərəfini tutması ölkədə narazılıq dalğası yaratdı. Məhz onda vətəndaş cəmiyyəti birmənalı olaraq Ermənistan hökumətini Rusiyanın "çaldığı tütəyin havasına oynamaqda" ittiham etdi. Bunun üzərindən iki il keçməsinə baxmayaraq, biz dəfələrlə Kremlin antierməni siyasətinin şahidlərinə çevrildik. Lakin Ermənistan hökuməti hələ də təhlükəli siyasət yürütməyə davam edir – həmin tütəyin çaldığı eyni melodiya altında".

"Rusiya-Ukrayna qarşıdurması ətrafında baş verənlər beynəlxalq siyasi arenada həssas və mübahisəli məsələlərdir"

"Bəzi siyasi dairələrdə Ermənistanın antiukrayna davranışları BMT çərçivəsində Zimbabvenin, Sudanın, Şimali Koreyanın davranışları ilə eyniləşdirilir"-deyə qeyd edən Anna Pambuxçyan o cümlədən bildirir ki, ölkə rəhbərliyi bunu Ukraynanın Azərbaycanı dəstəkləməsi ilə bağlamağa çalışır: "Bu kimi özünə haqq qazandırma o zaman yerini tutardı ki, söhbət ikitərəfli münasibətlərdən – Kiyev-İrəvan münasibətlərindən getsin. Bundan əlavə, Krımla bağlı hər hansı bir məsələnin BMT-də səsverməyə çıxarılması və bunun yalnız Ermənistan-Ukrayna ikitərəfli münasibətləri baxımından dəyərləndirilməsi doğru qərar deyil. Bu gün istər Krımla bağlı, istərsə də Rusiya-Ukrayna qarşıdurması ətrafında baş verənlər beynəlxalq siyasi arenada həssas və mübahisəli məsələlərdir".

"Ermənistanın BMT çərçivəsində antiukrayna mövqeyi sərgiləməsindən pis piar ola bilməz"

"Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistanın BMT çərçivəsində antiukrayna mövqeyi sərgiləməsindən pis piar ola bilməz"-deyə qeyd edən Pambuxçyan həmçinin vurğulayıb ki, xüsusilə Ermənistanın müttəfəqiləri sayılan və Avropa İttifaqına üzv olan ölkələr qarşısında bu ümumiyyətlə, yolverilməzdir: "Ermənistanın açıq şəkildə antiukrayna və rusiyapərəst mövqesi beynəlxalq ictimaiyyətin ona qarşı çıxmasına şərait yaradır. Bənzər addımlar beynəlxalq aləmə sübut edir ki, Ermənistan reqressiya yaşayır. Görünür, Ermənistan hökuməti qarşısına məqsəd qoyub ki, 2013-cü ildən müstəqil hakimiyyətə sahib olmadığını BMT-də təsdiq etsin. Halbuki, Ermənistanın bu kimi məsələlərdə neytral mövqe saxlamaq hüququ var. Necə ki, bu dəfə Qırğızıstan sözügedən məsələdə neytral mövqedə qaldı".

Pambuxçyan sonda qeyd edib ki, Krım heç vaxt "artsaxa" presedent ola bilməz. Belə ki, dünyada heç bir dövlət Krımın ilhaqını tanımayıb. Rusiya isə bu məsələdə ciddi problemlər yaşayır. O, mövcud vəziyyətin Ermənistan və "artsax" üçün də yaşanacağını bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə