YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 24 illiyini qeyd edib FOTOLAR

YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 24 illiyini qeyd edib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiyanın yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədrinin müavini Muxtar Nağıyev, "SƏS" qəzetinin Baş redaktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, "91-lər"-in nümayəndəsi Hacan Hacıyev, tanınmış ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər. Tədbiri iştirakçıları ilk olaraq YAP a həsr olunan himni videoçarxda izləyiblər.

Tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının sədrinin müavini Muxtar Nağıyev XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış acınacaqlı durum ətraflı haqqında məlumat verib. Bildirilib ki, həmin ərəfədə hakimiyyətdə olanlar ölkəni ölkəni fəlakət burulğanına salmışdılar. Anarxiya, xaos o həddə çatmışdı ki, insanları iş yerlərində, yollarda, küçələrdə döyürdülər, onlara qarşı olmazın işgəncə və təzyiq metodların işə salırdılar. Azərbaycanda yeni bir siyasi qüvvənin yaradılmasına ehtiyac var idi və bu, bir tarixi zərurət kimi meydana çıxmışdı. Azərbaycan xalqı bilirdi ki, dövləti bu çətin vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər. Naxçıvanda 550 nəfərlik nümayəndənin iştirakı ilə təsis olunan YAP qısa bir müddət sonra iqtidara gəldi və Azərbaycanın çətin durumdan çıxarılması və gələcək inkişafının təmin olunması istiqamətində analoqu olmayan işlər görüldü.

Çıxış edən "SƏS" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, XX əsrdə Azərbaycan dövləti iki dəfə müstəqillik qazanıb: "Birinci dəfə 1918-ci il mayın 28-də "İstiqlal Bəyannaməsi" tərtib edildi və bununla da Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Təəssüf ki, cəmi 23 ay yaşadı. Ancaq tam əminliklə demək olar ki, ikinci dəfə əldə etdiyimiz müstəqillik birincidən fərqli olaraq ayaq üstə dik durmağı bacardı. Bu da səbəbsiz deyil, 1918-ci ildə əldə olunmuş müstəqilliyi qorumaq, inkişaf etdirmək gücündə olan bir liderin yoxluğu onun süqutu ilə nəticələndi. XX əsrin 90-cı illərində Azərbaycan yeni bir dövrə qədəm qoydu, milli şüurlarda bir oyanış başlandı, xalqımız öz milli kimliyinə qayıtmaq, tarixi dövlətçilik ənənələrini bərpa etmək kimi haqlı mövqeyini ortaya qoydu. 1991-ci il oktyabrın 18-də "Müstəqillik Aktı" qəbul olundu. Ancaq zaman göstərdi ki, bu müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Həmin dövrdə Azərbaycanda bütün sahələrə sirayət edən xaos, anarxiya dövləti tamamilə iflic etmişdi. Məqsəd millətimizin iradəsini sındırmaq idi. Həmin dövrdə hökm sürən lidersizlik insanları üzürdü. Xalqımız üçün yeganə çıxış yolu Ulu Öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etmək idi. Ona görə də Ulu Öndərə çağırışlar edirdilər. 1992-ci il oktyabrın 16-da ziyalılar Azərbaycan xalqı adından "SƏS" qəzeti vasitəsilə "Azərbaycan sizin sözünüzü gözləyir" başlıqlı məqalə ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Təbii ki, Ulu Öndərimiz xalqın müraciətini cavabsız qoymadı, "SƏS" qəzeti vasitəsilə cavab verdi. Cavabda 5 bənddən ibarət konsepsiya irəli sürülmüşdü. Ulu Öndər konsepsiyada Azərbaycanı həmin dövrdə baş verən və gələcəkdə baş verə biləcək fəlakətlərdən xilas etməyin yollarını göstərmişdi. Xüsusilə vurğulamaq lazımdır ki, xalqımızın ürəyində Heydər Əliyev sevgisi həmişə olub. Meydan hərəkatı zamanı da insanların ürəyində Heydər Əliyev sevgisi var idi. Ulu Öndərin gəlişi isə xalqın gələcəyə inamını artırdı, yaşamaq, yaratmaq istəyini alovlandırdı. Azərbaycan düşdüyü bəlalardan qurtuldu".

B.Quliyev daha sonra qeyd edib ki, 1992-ci il noyabrın 21-də təsis olunan Yeni Azərbaycan Partiyası 24 ildir ki, öz ənənəsinə, prinsiplərinə sadidir: "Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmağındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə böyük qələbə əldə etməsindədir. Partiyamızın siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da daha da qüdrətlənəcək, daha böyük siyasi gücə, amilə çevriləcəkdir".

YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, "91-lər"-in nümayəndəsi Hacan Hacıyev, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən, hakim partiyanın bu günə kimi keçdiyi 24 illik şərəfli, eyni zamanda keşməkeşli tarixi yoldan danışıblar.

Tədbirin sonunda YAP a yeni üzv olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə