"Görmə imkanları məhdud gənclər təhsil haqqından azad edilsin” TƏKLİF

"Görmə imkanları məhdud gənclər təhsil haqqından azad edilsin” TƏKLİF

"Ali məktəblərimizdə görmə imkanları məhdud olan gənclər oxuyur. Bütün çətinliklərə baxmayaraq testlə imtahan verib ali məktəbə daxil olan belə gənclər təəssüf ki ödənişdən azad deyillər". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva deyib.

Bu cür gənclərin sayının o qədər də çox olmadığını deyən, millət vəkili qeyd edib ki, onların təhsil haqqı cəmi 50-60 min manat edə bilər: "Bütün universitetləri toplasaq cəmi 30-40 belə gəncin təhsil aldığını görərik. Onların da təhsil haqları il ərzində 50-60 mindən çox edə bilməz. Bu o qədər də çox məbləğ deyil. Belə ki hər ali məktəb görmə imkanları məhdud olan bir gənci təhsil haqqından azad edə bilər. Bir neçə gün bundan əvvəl bir neçə deputat həmkarlarımla birgə Bakı Dövlət Universitetində təhsil alan iki belə şəxsin ödənişini etdik ki, o imtahana buraxılsın. Heç olmasa 1-ci qrup əlillər üçün belə güzəştlər edilsin".

Q. Paşayeva görmə imkanları məhdud olan gənclərin işlə təmin olunması məsələsindən də söz açıb. O bildirib ki, "Məşğulluq haqqında" qanunda əlillər üçün kvotalar ayrılsa da onların işlə təmin olunmasında problemlər yaranır: "Xüsusilə də müəllim ixtisasına yiyələnən belə gənclər öz ixtisasları üzrə iş tapa bilmirlər. Mənə təxminən ali məktəbə yüksək balla daxil olub, bitirən 5-6 belə gənc müraciət edib. Məsələ ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarova məktub şəklində müraciət etmişik. Ümumiyyətlə, əlillərin işlə təmin olunması üçün ayrılan kvota məsələsinə necə riayət olunmasına ciddi nəzarət edilməlidir. Bununla bağlı sanksiyalar da sərtləşdirilə bilər. Çünki əlillər bu gün hamımızdan daha çox diqqətə ehtiyacı olan qrupdur və onlar daim ölkə başçısının diqqətindədirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə