Zərərçəkmiş şəxs: “Sağ olsun dövlətimiz mənə dəymiş ziyanı ödəyib”

Zərərçəkmiş şəxs: “Sağ olsun dövlətimiz mənə dəymiş ziyanı ödəyib”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Lalə Hüseynova ifadə verib.

Lalə Hüseynova deyib ki, onun həmin binada evi var, lakin orada yaşamır, hadisə baş verəndə də evdə heç kim olmayıb. Zərərçəkmiş şəxs əlavə edib ki, dövlət ona dəymiş ziyanı ödəyib və heç kimdən şikayəti yoxdur.

Daha sonra hakim Əfqan Hacıyev bildirib ki, zərərçəkmiş şəxslərin bir neçəsi xarici ölkədə olduğundan məhkəməyə gəlməyib.

Vəkillər isə zərərçəkmiş Xəyyam Babayevin məhkəmədə ifadə verməsini istəyiblər.

Qeyd edilib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olan və yanğın barədə hüquq-mühafizə orqanlarına ilk məlumat verən X. Babayevin məhkəmədə dindirilməsi vacibdir. Hakim onun yenidən prosesə çağırılacağını deyib.

Sonra məhkəmənin növbəti iclası noyabrın 3-ü saat 12:00-a keçirilib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə