ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizədi Donald Tramp özünü "skeptik" adlandıraraq, tərəfdarlarını ikinci dəfə səs verməyə çağırıb. SİA xəbər verir ki, bu barədə "Miami Herald" nəşri yazır.
Nəşrin yazdığına görə, Tramp bu çağırışını belə izah edib ki, əgər seçicilər səslərinin qeydə alınmadığını, oğurlandığını hiss etsələr, ikinci dəfə də səs verməlidirlər.
"Onlar (seçki komissiyaları – red.) sizə bülleten, yeni bülleten təqdim edəcəklər, köhnəsini isə məhv edəcəklər. Siz mənim olmalısınız ki, səsiniz hesaba alınıb"-deyə prezidentliyə namizəd Kolorado ştatındakı çıxışında bildirib.
Koloradoda qeydə alınmış seçicilər yerli qanunvericiliyə görə, bülletenləri poçt vasitəsilə alırlar. Onların yeni bülleten tələb etmək hüquqları var, eləcə də əvvəlki bülletenləri hesaba alınmasa, şəxsən seçki məntəqəsinə gedib səs verə bilərlər.
Daha öncə də Tramp dəfələrlə bəyan edib ki, ABŞ-da seçki sistemi mükəmməl deyil və səsvermələrin nəticələrində saxtakarlıqlar yaşana bilər.
Qeyd edək ki, aparılan sorğuların son nəticələrinə görə, Trampın mövqesi demokrat namizəd Hillari Klintonla demək olar ki, bərabərləşib. ABC telekanalı ilə "Washington Post"un müştərək keçirdiyi ictimai sorğunun nəticələrinə görə, Klinton Trampı 1% üstələyir. Baxmayaraq ki, ABC daha öncə səslərin Klintonun xeyrinə olan 12%-lik fərqini bəyan etmişdi.
Eyni zamanda, "Los Angeles Times" nəşri xəbər verir ki, Tramp 46%-lə üstünlük təşkil edir, Klintonu isə 44,1% seçici dəstəkləyir.
Müşahidəçilər Klintonun geriləməsini FTB-nin onun barəsində növbəti istintaq materiallarını araşdırmağa başlaması ilə əlaqələndirirlər. Belə ki, Klinton dövlət katibi postunda olarkrən, məxfi dövlət yazışmalarını şəxsi elektron poçtu vasitəsilə həyata keçirib və bu infomasiyaların sızmasına səbəb olub.
Bununla bağlı ABŞ demokratlarının senatdakı lideri Qeri Rid FTB direktoru Ceyms Kobiyə yazdığı məktubunda onu "ikili standartlarda" günahlandırıb və Respublikaçılar partiyasının xeyrinə demokratlara zərbə vurduğunu bildirib. Rid eyni zamanda FTB-dən Trampın Rusiya ilə bağlılığını "sübut edən" və "fəaliyyət koordinasiyasını" əks etdirən materialları da ictimailəşdirməsini tələb edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB