Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab 24-25 oktyabr Göygöl və Şəmkirə səfərdə olub. SİA-ya Almaniyanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla görüşüb və onunla rayonun tarixi, inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb. Göygöl rayonundan seçilmiş millət vəkili Rövşən Rzayevlə görüşdə Almaniya-Azərbaycan münasibətlərində aktual məsələlər müzakirə olunub.
İcra başçısı səfiri Göygöl rayonunda ilk alman mühacirlərinin məskunlaşdığı küçələrlə tanış edib. Rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı ev, o cümlədən keçmiş lüteran kilsəsi (hal-hazırda regional muzey) və musiqi məktəbi son onilliklərdə zövqlə bərpa edilib. Səfir Kindsqrab Azərbaycan dövlət qurumlarının alman mühacirlərinin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib. Rayonun bir neçə il əvvəl vəfat etmiş ən son alman mühaciri Viktor Klaynın evi də ziyarət olunub. Bu evdə yaxın illərdə regionda və Azərbaycanda olan almanların xatirəsinə muzey yaradılmalıdır, muzeyin hazırlıq işləri artıq davam edir. Şərab və araq zavodunda isə səfirə yeni istehsal üsulları təqdim edilib. Burada da alman mühacirlərinin izlərinə rast gəlinir – çox yaxşı qorunub saxlanmış şərab zirzəmisi rayonun şərabçılıqla əlaqədar qədim tarixi ənənələrini hiss etmək və bu haqda düşünmək imkanı yaradır.
Səfir Mixael Kinsqrab Şəmkir rayonuna da səfər edib. Millət vəkili Sona Əliyeva ilə görüşüb və icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıb. Səfir Bayraq meydanında və Gənclər evində olub. Diplomat keçmiş kilsəni və şvab mühacirlər tərəfindən salınmış İçəri şəhəri ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB