Azərbaycan- BƏƏ əməkdaşlığının genişləndirilməsi müzakirə olunub”

Azərbaycan- BƏƏ əməkdaşlığının genişləndirilməsi müzakirə olunub”

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin Beynəlxalq Əməkdaşlıq üzrə dövlət naziri, "Dubay Expo 2020" Bürosunun baş direktoru xanım Rim Əl Haşimi ilə görüşüb.

SİA-ya səfirlikdən verilən məlumata görə, D.Şikarov Azərbaycan və BƏƏ arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və iki ölkənin xalqları və hökumətləri arasında çox gözəl münasibətlərin formalaşdığını bildirib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən il ölkəmizə baş tutmuş səfərindən sonra bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Səfir, Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş iqtisadi nailiyyətlər, aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı və ixracatın diversifikasiyası istiqamətində atılan addımlar barədə məlumat verib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birbaşa himayəsi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və dünyanın bir sıra ölkələrində həyata keçirilmiş sosial-mədəni layihələr haqqında danışıb.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli istiqamətində BƏƏ-nin istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən səfir, bu dəstəyin ölkəmiz və bütövlükdə regionun əmin-amanlığı və təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Daha sonra bildirib ki, BƏƏ rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində bu ölkə çox böyük inkişaf yolu keçib, dünyanın əsas turizm və ticarət mərkəzlərindən biri halına gəlib. BƏƏ-də həyata keçirilən və davam etməkdə olan dünya miqyaslı layihələr bu inkişafın yüksələn xətlə davam edəcəyinin sübutudur.

Dubay Əmirliyinin "Expo 2020"yə ev sahibliyi etməsi münasibətilə öz təbriklərini çatdıran səfir, Azərbaycanın həmin tədbirdə iştirakını təsdiq edən niyyət məktubunu xanım dövlət nazirinə təqdim edib.

Xanım Rim Əl Haşimi Azərbaycanın "Expo 2020"də ən yüksək səviyyədə təmsil olunacağından əmin olduğunu və bunun reallaşması üçün Dubay Expo Bürosunun baş direktoru kimi bütün zəruri dəstəyi göstərəcəyini vəd edib.

Səfir, dövlət nazirinə iki ölkə arasında münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsi yolunda göstərmiş olduğu diqqət və dəstəyə görə öz təşəkkürünü ifadə edib. Bildirib ki, Azərbaycan və BƏƏ arasındakı mövcud dostluq və qardaşlıq münasibətləri iqtisadi, ticarət, investisiyalar və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır. Azərbaycanın əlverişli iqlimi və münbit torpaqları yüksək keyfiyyətli, təbii kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına imkan verir. Bu məhsulların BƏƏ və bütövlükdə Körfəz ölkələrinə ixracı, regionun ərzaq təhlükəsizliyinə də əlavə töhfə verəcəkdir. Digər tərəfdən, Azərbaycanın gözəl təbiəti, zəngin mədəniyyəti, mətbəxi və insanlarının qonaqpərvərliyi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra BƏƏ-dən olan turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunur. Əvvəllər il ərzində cəmi 2500-3000 BƏƏ-dən urist Azərbaycana səfər edirdisə, hazırda cari ilin yalnız 8 ayı ərzində 30 mindən çox turist ölkəmizə səfər etmişdir. D.Şikarov, artan ticarət, investisiya və turizm əlaqələrinə paralel olaraq hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, hazırda iki ölkə arasında yalnız Dubay və Bakı arasında birbaşa uçuşların mövcud olduğunu deyərək, qarşılıqlı uçuşların digər havayolu şirkətlərini də cəlb etməklə artırılmasının vacibliyini bildirib.

Xanım Əl Haşimi, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, istər Azərbaycan məhsullarının BƏƏ bazarlarına çıxışı, istərsə də qarşılıqlı hava səfərlərinin artırılması məsələlərində əlindən gələn köməyi göstərməyə hazır olduğunu deyib. BƏƏ vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı qərarı səbəbilə Azərbaycan rəhbərliyinə öz təşəkkürünü bildirən dövlət naziri, BƏƏ vətəndaşlarının səyahət edəcəkləri ölkəni seçərkən ilk növbədə onlara göstərilən xoş münasibət və təhlükəsizlik məsələrinə diqqət yetirdiklərini, bu baxımdan Azərbaycanın BƏƏ-lilər üçün ən ideal istirahət istiqaməti potensialında olduğunu qeyd edib.

BƏƏ-də Azərbaycana olan marağının gündən-günə daha da artacağından əmin olduğunu vurğulayıb.

Səfir D. Şikarov, səmimi söhbətə və Azərbaycan-BƏƏ əlaqələrinin inkişafındakı səylərinə görə xanım Rim Əl Haşimiyə bir daha öz təşəkkürünü bildirib və onu ölkəmizə rəsmi səfərə dəvət edib. Xanım Əl Haşimi dəvətə görə təşəkkür edib, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun 2015-ci ildə ölkəmizə baş tutmuş rəsmi səfəri zamanı BƏƏ nümayəndə heyətinin tərkibində özünün də olduğunu, ölkəmizin və Bakı şəhərinin gözəlliyindən heyrətə gəldiyini, xüsusən Azərbaycan yeməklərinin, meyvə və tərəvəzlərinin dadının onun üçün unudulmaz olduğunu deyərək, proqramına uyğun olaraq, cari ilin dekabr ayının sonlarında Bakıya səfərinin mümkün ola biləcəyini bildirib. O, səfər zamanı Azərbaycanın "Expo 2020"də iştirakı ilə bağlı məsələlərin müzakirə edilə biləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə