“ABŞ-ın Qarabağ münaqişəsinin həllindəki səylərinin ən zəif dövrü Kerri dövrüdür” RƏY

“ABŞ-ın Qarabağ münaqişəsinin həllindəki səylərinin ən zəif dövrü Kerri dövrüdür” RƏY

"ABŞ dövlət katibi Con Kerrinin nə söyləməsinin elə böyük əhəmiyyəti yoxdur. Çünki onun dövlət katibi kimi müddəti bu il bitir". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, Kerrinin dövründə ABŞ-dan nə hansısa bir təşəbbüs gözləməyə dəyər, nə də bir nəticə: "Ancaq bu heç də o demək deyil ki, Kerrinin söylədiyi fikirlər ABŞ-ın Qarabağ məsələsindəki mövqeyini, yaxud siyasətini tam müəyyənləşdirir. O, gedən adamdır. Onun Dövlət Departamentinin rəhbərliyində üç ay vaxtı qalıb".

Politoloqa görə, Kerrinin sözündən belə çıxır ki, liderlər bu məsələnin həllinə hazır deyillər: "Yəni onun dövründə bu, mümkün deyil. Bəli, onun dövründə düşünürəm ki, bu qeyri- mümkündür. ABŞ indiyə kimi münaqişənin həlli ilə bağlı müəyyən səylər göstərib. Ancaq bu səylərin ən zəif olduğu dövr, məhz Kerri dövrünə təsadüf etdi".

Politoloq əlavə edib ki, Kerrinin ermənipərəst mövqedə olması aydın məsələdir: "Lakin o, dövlət katibi olarkən bu mövqeyini pərdələməyə məcbur idi. Ona görə ki, bir tərəfdən ermənipərəstliyini ifadə etmək beynəlxalq hüquqa zidd idi. Digər tərəfdən isə Azərbaycana sərt təzyiq göstərmək Amerikanın öz maraqlarına uyğun deyildi. Çünki onların bir çox məsələləri Azərbaycana bağlıdır. Ancaq erməniləri ağıla gətirmək üçün onlara təzyiq göstərmək istəmirdi. Ona görə də bu məsələ demək olar ki, Rusiyanın ixtiyarına verilmişdi".

Politoloq ABŞ-ın növbəti mərhələdə Qarabağ münaqişəsinə yanaşmasının necə olacağını seçkidən və dövlət katibi vəzifəsinə təyinatından sonra deməyin mümkünlüyünü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə