Sədr müavini soydaşlarımızla görüşüb

Sədr müavini soydaşlarımızla görüşüb

Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə ölkəmizə səfərə gələn, "Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi" kitabının müəllifi, tanınmış amerikalı jurnalist Raul Kontreras Dövlətqaçqınkomun sədrinin müavini Fuad Hüseynovun müşaiyəti ilə Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb, onlar üçün yaradılan şəraitlə yerində tanış olub. SİA-nın məluamtına görə, yeni nəşrə daxil etmək üçün Azərbaycan haqqında, o cümlədən ölkəmizdəki qaçqın və məcburi köçkünlər, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlə bağlı reallıqları olduğu kimi qələmə almaq məqsədilə görüşə gələn jurnalistə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində ev-eşiklərindən didərgin salınmış soydaşlarımızın problemləri, bu problemlərin həlli istiqamətində dövlət tərəfindən ələ alınan tədbirlər barədə hərtərəfli məlumat verən F.Hüseynov diqqətə çatdırmışdır ki, respublikamızın müxtəlif bölgələrində bütün sosial-texniki infrastruktura malik bu cür 95 hündürmərtəbəli yaşayış binaları kompleksləri və qəsəbələr tikilib onların istifadəsinə verilib, 250 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Sonra amerikalı jurnalist məhəllədə fəaliyyət göstərən 33 saylı Zəngilan tam orta məktəbində müəllim və şagirdlər üçün yaradılan şəraitlə, Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub.

Raul Kontreras həmçinin məhəllədə məskunlaşan məcburi köçkünlərin mənzilinə də baş çəkmiş, onların həyat və yaşayış tərzi ilə yerində maraqlanıb. Amerikalı jurnalist məcburi köçkünlərlə söhbət zamanı son illər Azərbaycanın uğurlu inkişafından, məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli dövlət qayğısından məmnunluğunu ifadə etməklə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında imkanlarından hərtərəfli istifadə edəcəyini diqqətə çatdıraraq ətraflı məlumatlara görə minnətdarlığını bildirmişdir. Xatırladaq ki, amerikalı jurnalist ABŞ-ın nüfuzlu mətbu orqanlarında Azərbaycanda keçirilən mühüm tədbirlər, əldə olunan uğurlar, reallaşdırılan layihələr, ölkəmizdəki tolerantlıq, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına dair müxtəlif məqalələrlə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə