İlham Əliyev İranın nümayəndə heyətini qəbul edib FOTOLAR

İlham Əliyev İranın nümayəndə heyətini qəbul edib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugün İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezidentlər səviyyəsində mütəmadi görüşlərin keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu ilin avqust ayında Azərbaycana və özünün İrana son rəsmi səfərini məmnunluqla xatırladıb. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı xüsusilə Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Prezident İlham Əliyev İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Əbdülrza Rəhmani Fəzli dedi: "Prezident Həsən Ruhani bildirib ki, iki tərəf arasında əldə olunan razılaşmalara əsasən işlərin daha da genişləndirilməsi və irəliləməsi üçün bütün səylər göstərilməlidir. Cənab Ruhani bu işlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib".

Əbdülrza Rəhmani son illər ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğulayıb.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə