Qadın seçicilərdən "Həmrəy olaq, "HƏ" deyək!" devizinə dəstək (YENİLƏNİB) FOTOLAR

Qadın seçicilərdən "Həmrəy olaq, "HƏ" deyək!" devizinə dəstək (YENİLƏNİB) FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri Samux rayonunda qadın seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsinin rəhbəri Gündüz Bayramov açaraq keçiriləcək referendumla bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib.
"Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, HƏ deyək!" şüarı ilə təbliğat kampaniyasına start verdiyini deyən G.Bayramov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını qeyd edib.
Onun sözlərinə görə, dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, siyasi və idarəçilik sisteminin təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. "Əminəm ki, hər bir Azərbaycan vətəndaşı kimi sizlər də bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz".
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təbliğat-təşviqat qrupunun üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır: "Son illərdə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan hüquqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri edib. Konstitusiyaya təklif olunan hər bir əlavə və dəyişiklik ölkəmizin gücünə əlavə güc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcək. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq".

Sonra Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektoru, YAP Gəncə şəhər təşkilatının İH-nin üzvü Yusif Yusibov və Aqrar Universitetin prorektoru , professor Aida Həsənova çıxış edərək edərək bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə gələrək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıblar.

Tovuz rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Tovuz rayonunda qadın seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı Qadınlar Şurasının sədri Aybəniz Dəmirova seçicilərə Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri şərtləndirən amillərdən danışıb, bu islahatların ölkəmiz və xalqımız üçün əhəmiyyətindən bəhs edib.

Daha sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov qadın seçicilələrə Referendum Aktı layihəsində yer alan müddəaların əhəmiyyətindən söz açıb. Təşkilat sədri rayon qadınlarının hər zaman ictimai-siyasi proseslərdə fəal iştirak etdiklərini, ötən dövrdə keçirilən bütün seçkilərdə Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini, sentyabrın 26-da keçiriləcək ümumxalq səserməsində bunu bir daha təsdiqləyəcəklərinə əminliyini bildirib.

Görüşdə çıxış edən seçicilər- Sevda Səfərova, Arifə Abbasova, Aybəniz Hacıyeva görüş iştirakçılarını və onların timsalında rayonun bütün qadınlarını təhlükəsizliyə, firavanlığa, inkişafa və onların davamına səs verməyə, Referendum Aktı layihəsinə "HƏ" deməyə çağırıblar.

İsmayıllı rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupunun İsmayıllı rayon şöbəsi rayonun qadın seçiciləri ilə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" təşviqat qrupunun rayon şöbəsinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, referendum siyasi mənasına və mahiyyətinə görə dövlət həyatının ən mühüm məsələlərinin ümumxalq səsverməsinə qoyulması, xalqın rəyinin sorğusu, ifadəsidir: "Bu baxımdan Prezident İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" keçiriləcək referendumun dövlət və cəmiyyətin demokratik inkişafı, yeniləşməsi, onun siyasi, sosial-iqtisadi yüksəlişi, insan hüquqları və azadlıqlarının bərqərar olması üçün mühüm əhəmiyyəti var. Referendum aktında Azərbaycan Konstitusiyasının 29 maddəsinin 23-də dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur.Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da möhkəmləndirilməsi, siyasi idarəçiliyin fəaliyyətinin optimallaşdırılması, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin təkmilləşməsi, iqtisadi islahatların səmərəliliyi və davamlılığının təmin edilməsi, sahibkarlıq sahəsində dövət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi, iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi, cəmiyyətdə sabitliyə əlavə təminat verilməsi, insan hüquqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılmasını və s. nəzərdə tutur. Bütün bunlar milli maraqlara və inkişafa xidmət göstərir. Əminəm ki, İsmayıllı rayonunun seçiciləri, o cümlədən qadınlarımız bu işdə aktiv olub, 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək öz gələcəklərinə səs verəcəklər".

Tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyi təmin olunur: "Azad və sərbəst yaşayan, demokratik bir ölkənin vətəndaşı olduğu üçün qürur duyan ölkə əhalisinə söz, vicdan azadlığı kimi imkanları verən bu ali sənəddə bəşəri və demokratik dəyərlər eyni məqsədə yönəldilib. Dinindən, millətindən asılı olmayaraq tolerantlığı ilə seçilən Azərbaycanda yaşayan bütün vətəndaşların hüquqları qanunvericiliyə uyğun qorunmalı, hər kəs azad, sərbəst yaşamalı, işləməli, söz, vicdan azadlığına sahib olmalıdır. Hakimiyyətin yeganə mənbəyinin xalq olduğunu təsdiqləyən bu sənədlə insanlara toxunulmazlıq, sərbəst düşünmə haqqı verilir. Prezident İlham Əliyevin təklif etdiyi referendum aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacadır. Beləlikllə, Konstitusiyanın 23 maddəsinə dəyişiklik, 6 maddəyə isə əlavələr edilməsi təkliflərinin hər biri insanların hüquq və azadlıqlarının daha mükəmməl qorunmasına yönəldilən, normativ- hüquqi aktlara konstitusion status verən mütərəqqi xarakter daşıyır. Referendumun keçirilməsi günün, zamanın tələbi, sosial sifarişdir. Azərbaycan vətəndaşları Konstitusiya islahatlarını yekdilliklə dəstəkləyir, referendumun keçirilməsinin xalqın iradəsinə uyğun olduğunu bildirir, demokratiya və yeni quruculuq yollarında inamla irəli gedirlər".

Tədbirdə YAP İsmayıllı rayon Qadınlar Şurasının sədri Xuraman Qurbanova, qadın seçicilər Təranə Süleymanova, Gülnarə Mürsəliyeva, Gilas Musayeva, Rəna Məmmədova, Xavər Allahverdiyeva və başqaları çıxış edərək qeyd ediblər ki, Konstitusiyaya təklif edilən dəyişikliklər zamanının tələbidir və Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdıraraq ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Natiqlər əlavə ediblər ki, bütün siyasi kampaniyalarda fəallıq göstərən qadınlar 26 sentyabrda da mütəşəkkil siyasi qüvvə kimi birlik, həmrəylik göstərəcək, ümumxalq səsverməsində hamılıqla "Həmrəy olaq, "HƏ" deyək" devizini dəstəkləyəcəklər.

Ağcabədi rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayonun qadın seçiciləri ilə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsinin rəhbəri Rövşən Əhmədov açaraq Konstitusiyaya təklif olunan dəyişikliklərdə insan hüquq və azadlıqların qorunması, milli təhlükəsizliyin təmin edilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, Prezident və Parlament seçkilərində vətəndaşların iştirakında yaş senzinin aradan qaldırılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse–prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, Prezident səlahiyyətlərini icra edə bilmədikdə onun vəzifəsinin icrasını birinci vitse-prezidentə verilməsi, prezidentə parlament buraxmaq səlahiyyətinin verilməsi və zamanın tələbinə uyğun olaraq digər dəyişikliklər nəzərdə tutulub.

Görüşdə Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər barədə nəzərdə tutulmuş dəyişikliklərin layihəsini ətraflı təhlil edərək nəzərdə tutulan dəyişiklikləri ölkənin gələcək inkişafı üçün müsbət dəyişikliklərə gətirib çıxaracağını diqqətə çatdırıb.

Görüşdə "Yeni Azərbaycan " təşviqat qrupunun üzvü, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, "Yeni Azərbaycan" təşviqat qrupunun üzvü, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva, Mərkəzi kitabxananın əməkdaşı Gülşən Quliyeva, ADPU-nun Ağcabədi filialının tələbəsi Mina Fərzəliyeva çıxış edərək, Konstitusiyaya edilən əlavə və dəyişikliklərə müsbət yanaşdıqlarını, təmsil etdikləri kollektivin bütün üzvlərinin 26 sentyabrda seçki məntəqələrinə gələrək həmrəylik nümayiş etdirərək təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.

Göyçay rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatınının qərərgahında qadın seçiciləri ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Göyçay rayon Qadınlar Şurasının sədri Zivər Zeynalova bildirib ki, Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvələrindən biridir: "Qadınlarımız dövlət idarəçiliyində təmsil olunmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bildiyiniz kimi təklif olunan dəyişikliklərdə bir çox məsələlər yer alıb.İdarəetmənin təkmilləşməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət, sosial ədalət və digər məsələlər öz əksini tapıb".

Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən Zivər Zeynalova qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir: "Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var. Göyçayın qadın seçiciləri bütün seçkilərdə aktiv olublar və bu gündə təklif olunan yenilikləri dəstəkləyir və hamılıqla 26 sentyabr 2016 cı il tarixdə seçki məntəqələrinə yollanaraq şərəfli tarixi bir gün yaşayacaqlar".

Tədbirdə Göyçay rayon Ulaşlı- Şıxlı kənd orta məktəbinin müəlliməsi Aynur Mahmudova çıxış edərək bildirib ki, tədbirin məqsədi referendumla bağlı qadın seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır:" Bu gün Azərbaycan dövləti hər bir vətəndaşının hüquqlarını təmin edir. Azərbaycan vətəndaşlarının, xüsusəndə qadınların heç bir təziqə, qadağaya məruz qalmadığı əksinə hüquqları tam olan bir ölkədir. Qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər. Mən əminəm ki bütün Göyçay qadınları 26 sentyabr tarixində keçiriləcək referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov son illərdə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətləri, o cümlədən iqtisadi, sosial, siyasi, mədəni, idman həyatında qazanılan uğurları diqqətə çatdıraraq bu uğurlar fonunda Konstitusiyaya əlavə və dəyişikliklərin zərurətə çevrildiyini söyləyib. Onun sözlərinə görə, təklif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətinin daha da inkişafına, dövlət müstəqilliyinin daha etibarlı qorunmasına, idarəetmənin daha da təkmilləşdirilməsinə və digər mühüm məqsədlərə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə