Referendumda "exit-poll" keçirmək istəyən təşkilatlar qeydiyyata alınıb

Referendumda "exit-poll" keçirmək istəyən təşkilatlar qeydiyyata alınıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-na təyin edilmiş referendumda "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların müraciətlərinə baxılıb.

Tədbirdə məsələ ilə bağlı çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, "Els" Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsində 400 seçki məntəqəsində, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə 118 seçki dairəsi üzrə 152 seçki məntəqəsində "exit-poll" keçirmək üçün müraciət edib.

Onun sözlərinə görə, "exit-poll" keçirmək üçün müraciət edənlərin seçki təcrübəsi olduğu üçün onlar qeydiyyata alına bilər.

Daha sonra MSK "exit-poll" keçirmək istəyən bu təşkilatları qeydə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə