Parlament nümayəndə heyəti Polşada

Parlament nümayəndə heyəti Polşada

Avqustun 30-31-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin Parlament rəhbərlərinin görüşü keçirilib. Görüşdə ölkəmizi Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov təmsil edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov öz çıxışında ölkəmizin müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışıb.
Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açan vitse-spiker Azərbaycanın enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, Azərbaycanın Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata kecirməsindən, investisiya yatırımlarından bəhs edib. Xüsusi qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onu bərabər hüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə Biz əməkdaşlığa hazırıq.
Valeh Ələsgərov öz çıxışında Azərbaycanın və regionun inkişafına böyük maneçilik törədən mövcud təhdidlər barədə də danışıb. Bildirilib ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətrafyanı rayon işğal olunmuş, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşüb, ölkənin 20% torpağı zəbt edilib. Natiq Ermənistanın bu işğalçılıq siyasətini regional inkişafa əsas təhlükə kimi dəyərləndirib.
Səfər çərçivəsində Azərbaycan Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Polşa Seyminin sədr müavini Ryszard Terlecki ilə görüşmüşdür.
Görüş zamanı vitse-spiker Varşavada belə bir tədbirin təşkili və dəvətə görə Polşa tərəfinə öz təşəkkürünü bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, bölgədə cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.
Burada keçirilən tədbirlərdə ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə