“Yeni Azərbaycan” təşəbbüs qrupunun Nizami rayon şöbəsinin iclası keçirilib
Cari ilin sentyabrın 26-da keçiriləcək refendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsi qərargahının ilk iclası keçirilib. "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, qrupun Nizami rayon şöbəsi qərargahının sədri Sədaqət Vəliyeva Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur.
Sonra "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsi qərargahının üzvü Ramil Vəlibəyov referenduma hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. Qeyd edib ki, imzatoplama kampaniyası üçün hər dairəyə 6 nəfər olmaqla 18 fəal müəyyənləşdirilib. Həmçinin, referendumla əlaqədar Nizami rayonu ərazisində yerləşən 24 saylı Nizami I Seçki Dairəsində, 25 saylı Nizami II Seçki Dairəsində və 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin rayon ərazisinə düşən məntəqələrində yoxlamalar aparılıb. Vurğulanıb ki, referendumla əlaqədar DSK və MnSK-lara müşahidəçilərin və məşvərətçilərin müəyyən edilməsi prosesi başlanıb və rəsmi şəkildə onların qeydə alınması prosesi başlanacaq. Eyni zamanda, referendumla bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də həyata keçirilib. Yaşayış məntəqələrinin, küçə adlarının dəqiqləşdirilməsi, mənzillərin və evlərin nömrələrinin dəqiqləşdirilməsi prosesi isə davam etdirilməkdədir.
İclasda iştirak edən "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsinin qərargah üzvlərindən Məhi Mehdiyev, Yahya Ağayev, Əkbər Miskinov və başqaları bildiriblər ki, Konstitusiyaya təklif edilən dəyişikliklərlə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması, eyni zamanda, təhlükəsizlik sisteminin möhkəmlənməsinə, ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində, işğal olunmuş ərazilərin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcək. Bununla bərabər əlavə və dəyişikliklər seçkilərdə yaş həddi ilə bağlı qadağaları aradan qaldıracaq, yeni, daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açacaq. Bildirib ki, Azərbaycan xalqı dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin Sərəncamını alqışlayır, dəstəyini ifadə edir və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq.
Əlavə edilib ki, Nizami rayonunda referendumla bağlı hazırlıq işləri yüksək səviyyədə gedir və bütün həyata keçirilən işlər seçkilərin yüksək aktivlik, şəffaflıq və demokratik şəkildə baş tutmasına gətirib çıxaracaq.
Sonda referendum üzrə fəaliyyət planı təsdiqlənib və iş bölgüsü aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB