Razi Nurullayev: “Arif Hacılı neçə ildir siyasətdəsiniz, hanı nəticəniz?” MÜNASİBƏT

Razi Nurullayev: “Arif Hacılı neçə ildir siyasətdəsiniz, hanı nəticəniz?” MÜNASİBƏT

"Arif Hacılı və Rauf Arifoğlu davasına seyrçi qala bilmədim. Bəlkə də siyasətçi üçün nala-mıxa vurmaq moddur deyə, elə başımı bir təhər girələyə bilərdim. İstəmədim. Mövqe sərgiləmək, həqiqəti demək və haqsızlığa uğrayanı müdafiə etmək elə əsl siyasətçinin işidir. Mən Rauf Arifoğlunun yanında olduğumu, onu müdafiə etdiyimi bəyan edirəm. Arif Hacılının isə çox böyük haqsızlıq etdiyini, Rauf Arifoğluna qarşı kinli və küsurətli davrandığını deyirəm. Birmənalı olaraq inanmışam və inanıram". SİA-nın məlumatına görə, bunu AXCP sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə, "Yeni Müsavat" qəzeti olmasaydı, Müsavat partiyası da indiki qədər tarixi yol keçə bilməzdi: "İsa Qəmbərin xarizmasının, ağırbatmanlığının və div səbrinin nə qədər rolu olubsa, "Yeni Müsavat" qəzetinin də rolu bir o qədər, ya da daha çox olub. Çünki, İsa Qəmbərin də vuran qolu, danışan dili və ən böyük təbliğatçısı sözügedən qəzet olub. Hər zaman bu fikirdə olmuşam, Rauf Arifoğluna qarşı Əli Kərimli ilə bir yerdə olanda da fikrimi dəyişməmişəm, dəyişdirməyə də heç kimin gücü çatmayıb.

Digər yandan bu gün Rauf Arifoğlu mövqeyində radikallığı atıbsa, siyasətini mətbuata qurban veribsə, ölkə Prezidenti İlham Əliyevin əlindən mükafat alıbsa, bunun birbaşa günahkarı elə Arif Hacılı siz və sizin nəsil siyasətçilər deyilmisiniz? Neçə ildir siyasətdəsiniz, hanı nəticəniz? Əli Kərimliyə sevgi izhar etməklə, onu tanımaqla iş bitmir, heç o vecinə də almadı. Dediniz ki, haqqın yanındasınız. Haqq Əli Kərimlidirsə, gedin onun müavini olun. Müsavatı nə günə salmısınız? Öldürüb diri-diri basdırmısınız. Hakimiyyətə gələydiniz, yeni era quraydınız, mükafatı da siz paylayaydınız. Amma, siz indi intriqa, dedi-qodu, fəlakət və haqsızlıq dağarcığı paylayırsınız. Düşdüyünüz duruma təəssüf edirəm.

Rauf Arifoğlunun fikri ilə razıyam. Bişmiş bir siyasətçi qaynar qazanda yanırsa, demək o çiy imiş. Siz bişmiş siyasətçi olsaydınız, bir daha bişməyinizə ehtiyac duyulmazdı".

Bütün xəbərlər Facebook səhifəmizdə