DSX rəisi Argentina Sabadoşu qəbul edib

DSX rəisi Argentina Sabadoşu qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2016-cı ilin 28 iyul tarixində Dövlət Sərhəd Xidməti Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoşu qəbul edib. SİA-nın məlumatına görə, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, dövlət sərhədlərində əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib.

Azərbaycan Respublikasının sərhəd mühafizəsinin gücləndirilməsi, texniki təchizatının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib.

BMqT-nin Regional Direktoru Azərbaycan Respublikasının təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolunu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirmiş və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə