"Ermənistanda baş verənlər ölkədə aparılan daxili siyasətin nəticəsidir. Bu bir daha Ermənistanın beynəlxalq dövlət quruculuğu təcrübəsindən uzaq olduğunu göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Azərbaycan və Ermənistan prezidentlərinin avqust ayında keçirilməsi nəzərdə tutulan görüşü haqqında fikirlərini bildirən millət vəkili söyləyib ki, Azərbaycan üçün vacib olan görüşün özü deyil, orada əldə edilən nəticədir: "ATƏT-in Minsk qrupunun həmsədrləri Prezidentlərin növbəti görüşünü təşkil etməyə çalışırlar. Azərbaycan Prezidenti hər dəfə bildirir ki, əsas məsələ Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılması və işğala son qoyulmasıdır. Ötən görüşlərdə aparılan danışıqların da məhz bu ətrafda getdiyini düşünmək olar. Əgər Ermənistan avqust ayında keçirilməsi nəzərdə tutulan görüşə konstruktiv mövqe ilə gələcəksə, ölkəmizin ərazü bütövlüyünə hörmətlə yanaşacaqsa, düşdüyü vəziyyətdən xilas olmaq üçün çıxış yolunu qoşunlarını çıxarmaqda görəcəksə o zaman Azərbaycan danışıqları davam etdirəcək. Hesab edirəm ki, məhz bu görüş danışıqların davam edib-etməyəcəyi üçün bir istinad nöqtəsi olacaq".
A. Mirzəzadənin sözlərinə görə, görüşlərdən müəyyən nəticələr olacaqsa, danışıqlar davam etdiriləcək: "Yox əgər Ermənistan prezidenti hər görüşdən özünün sərsəm fikirlərini bildirmək, həmçinin mahiyyətdən uzaqlaşmaq üçün istifadə edəcəksə o zaman ölkəmiz problemin digər həlləri üzərində ciddi düşünməli olacaq".
Növbəti görüş zamanı hər hansı bir sənədin imzalanması məsələsinə gəlincə millət vəkili bu barədə fikir söyləməyin çətin olduğunu dilə gətirib: "Çünki, danışıqlar gizli şəkildə aparılır və onların mahiyyəti haqqında heç bir açıqlama verilmir. Ümumiyyətlə, diplomatik danışıqların formatı belədir. Nəticə əldə edilməyənə qədər hər hansı fikir bildirilməməlidir. Lakin Ermənistan bir dövlət kimi mövcud olmaq, əhalisinin durmadan köçməsinin qarşısını almaq, eləcə də dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, işğala son qoymalıdır. Bu, Ermənistan üçün bir şans, Türkiyə və Azərbaycanla qonşuluqdan yararlanmaq üçün unikal imkandır. Lakin edib-etməyəyəcəyi özündən asılıdır. Problemin həlli getdikcə Ermənistandan asılı olmur. Təşəbbüs və imkanlar Azərbaycandadır. Artıq Azərbaycan problemin həllinə özünün ədalətli mövqeyini diktə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB