“Mən əclafam” əsərinin gerçək “qəhrəmanı” AÇIQLAMA

O, Ələkbər Əliyevin özüdür
“Mən əclafam” əsərinin gerçək “qəhrəmanı” AÇIQLAMA

"Bir neçə gün bundan öncə İrəvanda "Qarabağ münaqişəsi: tarix və çağdaşlıq" mövzusunda toplantı keçirildi. Azərbaycanın ən qatı düşmənlərinin- erməni tarixçi Anton Yevstratovun, sabiq müdafiə naziri Vaqarşaq Arutunyan, separatçı "Talışların Milli Dirçəlişi" təşkilatının sədri Fəxrəddin Aboszadənin də iştirak etdiyi toplantıda vaxtilə İsa Qəmbərin müşaviri olmuş Əli Əkbər (Ələkbər Əliyev) də iştirak edirdi. O, bu toplantıda iştirak edərək Azərbaycanın əleyhinə təhqirlər səsləndirdi. Heç də təəccüblənmirik. Çünki Ələkbər Əliyev neçə illərdir ki, "siyasi mühacir" adı altında doğma torpağını tərk edərək xaricdə ermənilərlə işbirliyi qurub. Onun bütün fəaliyyəti Azərbaycanın müsbət imicinə zərbə vurmağa yönəlib. Mən bir daha əmin oldum ki, Ələkbər Əliyevin yazdığı "Mən əclafam" əsərinin gerçək "qəhrəmanı" elə özüdür".

Bunu SİA-ya açıqlamasında müxalifətçi Ələkbərin İrəvanda Azərbaycan əleyhinə keçirilən toplantıda iştirak etməsinə, çıxışında Azərbaycan dövlətini təhqir etməsinə münasibət bildirən politoloq Elnur Eltürk bildirib.

E.Eltürk bildirib ki, satqınların vətəni olmur: "Tarix hər zaman belə şərəfsizlərə öz layiqli qiymətini verib. İnsan nə qədər nankor, şərəfsiz və ləyaqətsiz olarmış ki, işğalçı və soyqırımı həyata keçirən bir dövlətin mövqeyini müdafiə etsin. Bu tipli adamlar hakimiyyətə yox, dövlətçiliyə müxalifətdə duranlardır. Belə adamlar hansısa qüvvələr üçün istifadə obyektidirlər, istifadə müddəti bitdikdən sonra isə kənara atılırlar. Ola bilər ki, insan siyasi dünyagörüş baxımından müxalifətçi olsun, ancaq bu o demək deyil ki, sən dövlətinə və millətinə qarşı müxalifətdə durmalısan".

Bütün xəbərlər Facebook səhifəmizdə