“Avrasiya bazarını yenidən nəzərdən keçirmək”

ABŞ-ın nüfuzlu Ticarət Palatası tərəfindən regionumuza həsr olunmuş "Avrasiya bazarını yenidən nəzərdən keçirmək" adlı məqalə dərc edilib. SİA-nın ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, adıçəkilən qurumun əməkdaşı Maykl Şvartsmanın müəllifi olduğu yazıda 28-29 aprel 2016-cı il tarixində Vaşinqton şəhərində təşkil olunacaq ilk "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit" forumu xüsusi vurğulanır.

Müəllif bildirir ki, forum ABŞ şirkətlərinin dəmir yolu, dəniz və yük daşımaları sahəsində region ölkələrindən səfər edəcək nümayəndələr ilə ünsiyyət qurmaq üçün mühüm platforma olacaqdır. Məqalədə ABŞ Ticarət Palatasının və bu qurumun Azərbaycan, Gürcüstan və Qazaxıstandakı nümayəndəliklərinin adıçəkilən tədbirin rəsmi tərəfdaşları olduğu və forumda transkontinental yük daşımalarını asanlaşdıracaq regiondakı yeni ticarət yolları barədə məlumatların veriləcəyi qeyd olunur.

Avrasiya region ölkələrinin iqtisadi sahədə əldə etdiyi uğurlardan bəhs edən məqalədə müəllif Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın qurulması üçün inkişaf planı, xüsusilə iqtisadiyyatı diversifikasiya etməklə qeyri-neft sektorunda ÜDM-nin iki dəfə artırılmasının hədəf göstərildiyi "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasının təsdiq edildiyini vurğulayır. Bununla yanaşı, məqalədə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı etdirilməsinin bu planın mühüm tərkib hissəsi olduğu göstərilir.

Eyni zamanda 264 milyon nəfər əhaliyə və 1,8 trilyon ÜDM-yə malik Avrasiyanın qlobal iqtisadiyyat üçün vacib region olduğunu və bununla əlaqədar, ABŞ şirkətləri tərəfindən həmin bazarın yenidən nəzərdən keçirməsinin vaxtı gəldiyi qeyd edilir. Məqalədə bildirilir ki, regionda əhalinin alıcılıq qabiliyyətinin artması ilə yaşayış standartları yaxşılaşmağa başlayıb və nəticədə bu regiona investisiya cəlbedici olacaq.

Qeyd edilməlidir ki, ABŞ-ın Ticarət Palatası kimi aparıcı qurum tərəfindən belə məqalənin yayılması bu ölkədə "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit" forumuna və ümumilikdə, regionumuza olan böyük marağın göstəricisidir.

Məqalə ilə ətraflı bu linkdə tanış olmaq mümkündür: https://www.uschamber.com/issue-brief/revisiting-the-eurasian-market

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...