7 rayon işğaldan azad edilir, bəs sonra?

Elçin Mirzəbəyli: "Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyat verilə bilər"

"Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi parlaq hərbi qalibiyyət Ermənistan içtimaiyyətində çaxanaşmaya və böyük təşvişə səbəb olub. Vəziyyətin ciddi fəsadlar yaradacağından qorxan Sarkisyan rejimi Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə getməyi və masa ətrafında müzakirələrə hazır olduqlarını bəyan edib. Ermənistanın xarici işlər naziri Edvart Nalbandyan bildirib ki, işğal altında olan 7 rayonun qaytarılması istiqamətində Azəbaycanla danışıqlar aparılır".

Politoloq Elçin Mirzəbəyli isə SİA-ya açıqlamasında 7 rayonun boşaldılması ilə bağlı erməni tərəfinin verdiyi məlumatın dəqiq və inanırıcı olmasına şübhə ilə yanaşdığını bildirib: "Sarkisyan rejimi, bilavasitə öz maraqlarına uyğun gələn prosesləri Ermənistan cəmiyyətinə təqdim etmək niyyətindədir. Danışıqlarda Azərbaycanın işğal altında olan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı prinsiplər hər zaman olub. Bu günə qədər ATƏT-in Minsk Qrupu tərəfindən müzakirəyə çıxarılan prinsiplərdə Dağlıq Qarabağ ətrafındaki 7 rayonun boşaldılması ilə bağlı müzakirələr aparılır və müxtəlif yanaşmalar olur. İndiki şəraitdə bu yanaşma, çox güman ki, Ermənistan tərəfinin, bilavasitə niyyəti kimi qəbul oluna bilər və yaxud bu Ermənistanı himayə edən ölkənin maraqlarını ifadə edən bir məsələdir. Azərbaycanın işğal altında olan əraziləri heç vaxt müzakirə pridmenti ola bilməz. Yəni bu ərazilər işğaldan azad edilməlidir. Təbii ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyat verilə bilər. Bununla bağlı Azərbaycan öz mövqeyini ifadə edib. Bu da ermənilər üçün ən böyük güzəştdir. İndiki vaxtda qarşı tərəfin bəzi populist açıqlamaları çox güman ki, Ermənistan cəmiyyətinin sakitləşdirilməsinə yönəlmiş addımlardır".

7 rayon işğaldan azad edilərsə, bəs Dağlıq Qarabağın statusu necə olacaq? Bu sualın cavabında E.Mirzəbəyli məsələnin mahiyyətində ziddiyyətlərin olduğunu bildirdi: "Diqqət yetirsəniz E.Nalbandyan 7 rayonun azad edilməsini deyir və ondan sonra Laçin ərazisindən Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin yaradılmasından söhbət açır. Daha sonra isə Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşməsindən danışır. Amma nəzərinizə çatdırıram ki, Azərbaycanın Konstitutiyasına görə, Azərbaycan ərazisi ümumiyyətlə, referenduma çıxarıla bilməz. Ölkəmizin digər qanunvericilik aktları da bunu qadağan edir. Digər tərəfdən, Azərbaycanın əlahiddə olaraq hər hansı bir ərazisində ayrıca referendum keçirilə bilməz. Referendum keçirilirsə, bu, bütün Azərbaycan ərazisində keçirilməlidir. Ermənistan zor vasitələrindən istifadə etməklə, azərbaycanlıları öz dədə-baba yurdlarından qovublar. Yalnız insanlar doğma yurdlarına qayıtmalıdır. Referendum məsələsini ortaya atanlar qondarma "DQR" rejimini tərəf kimi təqdim etmək istəyənlərdir. Azərbaycan heç bir halda buna gedə bilməz, təbii ki, getməsi də mümkün deyil".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə