Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisəsinə xəbərdarlıq etmədən baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanımüəssisənin tibb-sanitar hissə, karantin otağı, cərimə təcridxanası, görüş yerləri və digər obyektlərinə baxış keçirilmiş, saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilən tövsiyələrin icrası izrə görülmüş işlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qaydada dinlənilmiş, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilmiş, müraciətləri yerində araşdırılmışdır. Ümumilikdə isə, qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət olmayıb. Qəbul zamanı həmçinin məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib. Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, xidmət əməkdaşlarının hüquqi maarifləndirilməsi tərbirlərinin sayının artırılması ilə bağlı tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə