Ümumrusiya Azərbaycan Konqresindən Ara Abramyana cavab

Ümumrusiya Azərbaycan Konqresi, millətlərarası münasibətlər üzrə Rusiya Federasiyası Prezidenti yanında Məsləhət Şurasının dövlət milli siyasətinə informasiya nəzarəti üzrə komissiyasının sədri Ara Abramyanın Azərbaycan əleyhinə verdiyi bəyanatlarla əlaqədar Rusiya hakimiyyətinə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Ara Abramyan öz bəyanatlarında Azərbaycanı təcavüzkar adlandıraraq Azərbaycan rəhbərliyi haqqında tənqidi fikirlər söyləyib, həmçinin öz həmvətənlərini Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb. Ümumrusiya Azərbaycan Konqresi müraciətdə diqqətə çatdırır ki, Ara Abramyanın bu hərəkəti millətlərarası zəmində qarşıdurmalarla nəticələnə bilər.

"Milliyətcə erməni olan Ara Abramyanın bu çağırışı Rusiya ictimaiyyətində narahatlıq doğurur. Bundan başqa, Ara Abramyanın millətçi şüarları və çağırışları nəinki bütün millətlərin sülh və həmrəylik şəraitində yaşadığı Rusiyanın milli siyasətinə, eləcə də məhz Ara Abramyanın sədrlik etdiyi millətlərarası münasibətlər üzrə Rusiya Federasiyası Prezidenti yanında Məsləhət Şurasının dövlət milli siyasətinə informasiya nəzarəti üzrə komissiyasının prinsiplərinə də ziddir.

Ümumrusiya Azərbaycan Konqresi Rusiya hökumətindən Ara Abramyanın hərəkətlərinə diqqət yetirməyi və gələcəkdə bu kimi hadisələrin qarşısını almaq üçün ona qarşı müvafiq tədbirlər görməyi xahiş edir".

Bütün xəbərlər Facebook səhifəmizdə