Sumqayıtda şəhidi belə qarşıladılar

Azərbaycan ordusunun polkovnik-leytenenatı qəhrəmancasına həlak olub. SİA-nın məlumatına görə, Ağdamda yerləşən hərbi hissənin keçmiş komandiri, polkovnik-leytenant Raquf İbrahim oğlu Orucov Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Gəncə şəhərində hərbi hospitala yerləşdirilsə də, orada dünyasını dəyişib. Mərhumun cənazəsi gecə saatlarında yaşadığı ünvana - 14-cü məhəlləyə (Şahmat klubunun arxasındakı binaya) gətirilib.

Şəhər sakinləri şəhidin nəşini qarşılamaq üçün bir araya toplaşıb. Sumqayıt sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə qarşılayıb. Şəhidin yaşadığı binanın qarşısında böyük izdiham yaşanıb. Qarşılamada Sumqayıt şəhər rəhbərliyi və zabitlər də iştirak edib.

Gənclər hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı əmr verərsə, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər. Azərbaycan dövlət himni oxunub,

"Şəhidlər ölməz, Vətən bölünməz", "Yaşasın Qarabağ, yaşasın Azərbaycan!", "Qarabağ bizimdir, bizim olacaq", "Azərbaycan əsgəri, keç səngərdən irəli" şüarları səsləndirilib. Sonra yüzlərlə gənc şəhərin Səməd Vurğun küçəsi boyunca Şəhidlər Xiyabanına doğru yürüş ediblər. Azərbaycanın ərazi bütövlüyü uğruna həlak olan igidlərimizin xatirəsi yad edilib.

Məlumat üçün bildirək ki, R. Orucov 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Qeyd edək ki, R. Orucov bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə