Hikmət Babaoğlu: "Avropa İttifaqı - Azərbaycan əməkdaşlığında hər iki tərəf maraqlıdır” ŞƏRH

Hikmət Babaoğlu: "Avropa İttifaqı - Azərbaycan əməkdaşlığında hər iki tərəf maraqlıdır” ŞƏRH

"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfəri zamanı bildirdi ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində əməkdaşlıqda maraqlıdır. Sadalanan istiqamətlər üzrə əməkdaşlıq rəsmi Bakının da maraqları çərçivəsindədir və onların hər biri ayrılıqda ölkəmiz üçün prioritetdir". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycanla Avropa İttifaqının münasibətlərini şərh edərkən deyib.

Milllət vəkili qeyd edib ki, Azərbaycan irəli sürülən bütün istiqamətlər üzrə bərabər əməkdaşlığın olmasını istəyir: "Yəni Aİ enerji təhlükəsizliyi məsələsini irəli sürərkən bunu fundamental azadıqlarla manipuliyasiya etməsin. Yaxud fundamental azadlıqlar haqqında danışarkən predmetdən yayınmasın. Bizim üçün fundamental azadlıq anlayışı ilk növbədə insanların doğulduğu yerdə yaşamaq hüququnu ifadə edir. Ancaq hazırda Ermənistanın işğalı nəticəsində bir milyondan çox insan bu azadlıqdan məhrum edilib. Əgər F.Moqerini də fundamental azadlıq deyəndə ilk növbədə bunu başa düşürsə, deməli doğurdan da bu istiqamətdə ciddi əməkdaşlığa ehtiyac var. Əməkdaşlığın baş tutması və effektiv olması isə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasından keçir".

Hikmət Babaoğlu əlavə edib ki, Moqerini Ermənistan rəsmilərilə görüşdə mütləq onları işğal etdikləri Azərbaycan torpaqlarını azad etməli olduqlarına inandırmalıdır: "Əlbəttə yuxarıda qeyd etdiyimiz kimi, digər bütun istiqamətlər üzrə əməkdaşlıq da Aİ - Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə xidmət edən istiqamətlərdir və bu əməkdaşlıqda hər iki tərəf maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə