David Şahnazaryan: “Sarkisyanın dedikləri boş söz olaraq qaldı”

Müxalifət israrlıdır
David Şahnazaryan: “Sarkisyanın dedikləri boş söz olaraq qaldı”

"Hakimiyyət elə hesab edir ki, ümumiyyətlə, 1 mart hadisələri baş verməyib. İqtidar xalqın 1 mart hadisələrini unutması üçün əlindən gələn hər şeyi edir". SİA xəbər verir ki, bu fikirləri "Aravot.am"a Ermənistanın milli təhlikəsizlik xidmətinin sabiq rəhbəri David Şahnazaryan jurnalistin suallarını cavablandırarkən deyib.

Onun qeyd etdiyinə görə, 1 mart hadisələrində 10 nəfər öldürülüb və nəticədə bu hadisəni törədənlərdən kimsə cəzalandırılmayıb: "Bu, ilk növbədə dövlətçilik maraqlarına və orduya vurulmuş xəyanət zərbəsidir. Çünki ordu bilavasitə xalqa qarşı istifadə edilib".

Şahnazaryan hakimiyyətin hadisə ilə bağlı cinayət işi açmamasına baxmayaraq, bu istiqamətdə mövcud qrupun işlədiyini deyib və bildirib ki, kifayət qədər faktlar açılıb. Eyni zamanda 1 mart hadisələri gec, ya da tez hüquqi qiymətini alacaq: "Bu qiymətləndirmə olmasa, cəmiyyətin inkişafından, dövlətçiliyin inkişafından danışmağa dəyməz".

Təhlükəsizlik xidmətinin sabiq rəhbəri bildirib ki, 1 mart hadisələrində hakimiyyət tərəfindən öldürülən insanların ailələrinə kompensasiya ödənilməlidir: "Bu, hər hansı müxalifət partiyalarının deyil, ilk növbədə ümumi cəmiyyətin marağında olmalıdır. Baxın, artıq 8 ildir ki, siyasət xadimləri deyirlər ki, 1 mart hadisələri ilə bağlı faktlar açılıb, hakimiyyət də 8 ildir iddia edir ki, bu hadisələrlə bağlı heç bir əlaqələri yoxdur. Hlbuki, Serj Sarkisyan 3-4 il öncə çıxışlarının birində ötəri şəkildə bildirmişdi ki, 1 mart hadisələri ilə bağlı araşdırmaları sürətləndirmək lazımdır. Ancaq onun dediyi boş söz olaraq qaldı".

Xatırladaq ki, bir sıra müxalifət təşkilatları Ermənistanda 1 mart hadisələrinin yenidən təkrarlana biləcəyi barədə birgə bəyanat yayıblar. Erməni milli konqresinin, Ermənistan Xalq Partiyasının, "Yeni Ermənistan" cəmiyyəti xilas cəbhəsinin, Milli özünütəyinetmə biriliyinin, "Hayastan" xalq təşəbbüsü qrupunun, Vətəndaş Sazişi Partiyasının qəbul etdiyi bəyanatda bildirilir ki, onlar bu cinayətdə əli olan istənilən şəxslərin qanun qarşısında cavab vermələri üçün sona qədər mübarizələrini davam etdirəcəklər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə