Bu gün Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 illiyi tamam olub. SİA-nın məlumatına görə, bu məqsədlə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində tədbir keçirilib. Müdafiə Nazirliyinin rəsmilərinin, nazir müavinlərinin, millət vəkillərinin, ziyalıların qatıldığı tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə, Müharibə veteranlarına "Fədai" medalları verilib. İlk medal isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani çıxış edərək deyib ki, son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib: "Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar".
Millət vəkili Hadı Rəcəbli isə bildirib ki, ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır: "Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb".
Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və digərləri tərəfindən şəhid ailələrinə, Qarabağ əlillərinə, Müharibə veteranlarına "Fədai" medalları təqdim olunub.
Tədbir Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB