AŞPA-nın qış sessiyası həmsədrləri niyə narahat edir? AÇIQLAMA

AŞPA-nın qış sessiyası həmsədrləri niyə narahat edir? AÇIQLAMA

"AŞPA-nın qış sessiyasında Avropa dövlətləri və bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşad Mirbəşiroğlu AŞPA-nın qış sessiyasında müzakirə olunacaq məsələlər və eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞPA məruzəçilərinin hesabatlarına kəskin reaksiya verməsi ilə bağlı açıqlama verərkən deyib.

Politoloq bildirib ki, hazırda Avropa dövlətlərini ən çox narahat edən məsələlərdən biri miqrant problemidir: "Məsələnin görünən tərəfi odur ki, miqrant problemləri Avropada ciddi sosial və siyasi xarakterli böhan yarada bilər. Avropa ölkələri də artıq aydın dərk edirlər ki, miqrant problemi getdikcə kəskinləşir və ayrı-ayrı ölkələrin sosial, siyasi, iqtisadi və mədəni həyatlarında real gərginlik yaradır. Bu baxımdan, AŞPA-nın sessiyasında miqrant problemi ətrafında müzakirələrin aparılması olduqca əhəmiyyətlidir. Digər mühüm müzakirə obyekti beynəlxalq terrorizm və ona qarşı mübarizə məsələsidir ki, bu, hazırda planetar səviyyədə təhlükəsizliyə ən ciddi təhdid yaradır. Təbii ki, AŞPA-nın sessiyasında müzakirə olunacaq bu məsələlər Azərbaycan üçün də əhəmiyyətlidir. Xüsusilə də erməni terrorizmindən əziyyət çəkmiş ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizə məsələsinə böyük həssaslıqla yanaşır".

Onun sözlərinə görə, AŞPA-nın bu qış sessiyası digər məqamlarla da bağlı Azərbaycan üçün xüsusi önəm kəsb edir: "Çünki, sessiyanın gündəliyinə ölkəmizlə bağlı bir sıra mühüm məsələlər salınıb. Bu məsələlər işğal altında olan Azərbaycan ərazilərində erməni özbaşnalığını və Ermənistanın sərhədyanı ərazilərin sakinlərini içməli sudan məhrum etmək kimi təxribatçı, beynəlxalq-hüquq normalarına zidd və qeyri-insani davranışlarını ifşa olunması baxımından olduqca vacibdir. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlı məsələ də qış sessiyasının gündəliyində müzakirə olunacaq məsələlər sırasındadır. AŞPA-nın qış sessiyasının gündəliyinə bu məsələlərin salınmasını hər şeydən öncə Azərbaycanın böyük diplomatik uğuru kimi qiymətləndirmək mümkündür. Çünki, hər üç layihə erməni işğalını və vəhşiliyini bir daha ifşa etməyə və münaqişə vəziyyəti ilə bağlı beynəlxalq ictimaiyyətdə daha obyektiv təsəvvürlərin formalaşdırılmasına xidmət edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Ermənistanın və onun havadarlarının səsverməyə çıxarılacaq qətnamə layihələrindən ciddi narahatçılıq keçirdiyi aydın görünür. Qətnamənin keçməməsi üçün erməni tərəfi bütün təsir və təzyiq vasitələrini artıq işə salıb. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də erməni lobbiçiliyini etməkdən özlərini saxlaya bilmirlər. Belə ki, onlar açıq şəkildə qeyd etdiyimiz qətnamələrin səsverməyə çıxarılmasından narahat olduqlarını bildirirlər. Səbəbini isə, məntiqli arqumentləşdirə bilmirlər. Sadəcə olaraq, əsaslandırırlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ATƏT-in Minsk qrupu formatında tənzimlənməlidir. Bu formatda "tənzimləmənin" nəticələri isə göz qabağındadır. ATƏT-in MQ-nin belə mövqeyi bir daha sübut edir ki, o, münaqişənin tənzimlənməsində ümumiyyətlə maraqlı deyil və hazırkı status-kvo vəziyyəti onların maraqlarına cavab verir. Bundan başqa, qurumun bu mövqeyi onun erməni təəssübkeşliyini açıq-aydın göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə