Aydın Mirzəzadə: “20 Yanvar qəhrəmanlıq salnaməsidir” MÜNASİBƏT

Aydın Mirzəzadə: “20 Yanvar qəhrəmanlıq salnaməsidir” MÜNASİBƏT

"1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən hadisə xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsidir". SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə 20 Yanvar hadisələrinə münasibət bildirərkən deyib.

O bildirib ki, həmin dövrdə Azərbaycan xalqının müstəqil dövlətinin olmaması, dəyərli oğullarının hakimiyyətdən uzaqlaşdırılaraq xalqın adından danışmasına imkan verilməməsi bir günün içində böyük bir faciənin yaşanması ilə nəticələndi: "Sovet rəhbərliyi xəbərdarlıq etmədən dinc əhalinin üzərinə 40 minlik qoşun yeritdi və 130-dan çox insanın öldürülməsinə səbəb oldu. Onların böyük bir hissəsi qadınlar, ahıllar və uşaqlar idi. Təsadüfi deyil ki, həmin dövrdə guya Azərbaycanda silahlı dəstələrin olduğunu iddia edən Moskva qoşunlarını Bakıya yeridərkən cəmi 9 nəfər hərbçisini itirib. İnsanlar küçələrdə, avtobuslarda, öz mənzillərinin eyvanlarında güllələnir hətta qaçıb gizlənməyə çalışan insanlar belə gülləbaran edilərək öldürülürdü. Bu, əslində Moskvanın müstəqilliyə doğru gedən xalqın müstəqillik əzmini qırmaqdan ötrü atılan addımı idi. Erməni millətçilərinə dəstək olan SSRİ rəhbəri Mixail Qorbaçov üçün Azərbaycan xalqına qarşı dəhşət yaratmaq adi bir hal idi. Bu günə kimi də o, törətdiyi bu cinayətə görə xalqımızdan üzr istəməyib. Bütün cəhdlərə baxmayaraq xalqı sındırmaq, onu öz mənəviyyatını, tarixi irsini qorumaq əzmindən geri döndərmək mümkün olmadı. İnsanlar yanvarın 21-də küçələrə axışaraq öz etirazlarını bildirdilər. O dövrdə Azərbaycanda Sovet rəhbərliyinin etirazına baxmayaraq insanlar şəhərin mərkəzində böyük Şəhidlər Xiyabanı yaratdılar".

Yanvarın 21-də Moskvada yaşayan azərbaycanlılar kütləvi şəkildə orada yerləşən daimi nümayəndəliyimizə axışdılar. Həmin vaxt xalqın böyük oğlu Heydər Əliyevin indiki Prezidentimiz İlham Əliyevlə birlikdə daimi nümayəndəliyimizə gəlməsi, bu faciədə SSRİ rəhbərliyini, konkret olaraq Mixail Qorbaçovu ittiham etməsi tarixi ədalətin ilk nidaları idi. Dahi şəxsiyyət Heydər Əliyev xalq tərəfindən ikinci dəfə hakimiyyətə dəvət edildikdən sonra da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əziz tutuldu və hər il xalqımız onlara öz ehtiramını bildirir. 20 Yanvar azadlıq yolunda ən böyük itkilərimizdən biridir.

Bu gün Azərbaycan özünün müstəqilliyi, artan nüfuzu və beynəlxalq aləmdə böyük hörmətə malik olması ilə şəhidlərimizin xatirəsini uca tutur, onların apardığı mübarizənin əbəs olmadığını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə