Bakıda "Heydər" Məscidində məzhəbindən, dini dünyagörüşündən asılı olmayaraq bütün müsəlmanlar ilk dəfə bir araya gələrək eyni vaxtda, eyni məkanda, bir sırada vəhdət namazı qıldılar. Bakıda vəhdət namazının qılınması təşəbbüsü hələ Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümündən başlayıb. Artıq bir neçə həftədir ki, bu təşəbbüs böyük dəstək qazanıb və hər cümə günü məsciddə şiələrlə sünnilər qardaş kimi bir yerdə, yan-yana namaz qılırlar. Məsciddə cümə namazları növbəli şəkildə - bir həftə əhli-sünnə imamının, növbəti həftə isə əhli-şiə imamının rəhbərliyi ilə qılınır.
Azərbaycan tarixən dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma baş verməyib. Azərbaycan cəmiyyətində unikal tolerantlıq mühiti formalaşıb. Bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Bu baxımdan ötən cümə Bakıda vəhdət namazının qılınması İslam dünyasına, ümumilikdə bəşəriyətə ünvanlanmış bir sülh mesajı sayıla bilər. Yəni ölkəmiz bununla bir çoxları üçün mümkünsüz görünən halları mümkünə çevirdiyini nümayiş etdirir.
Həmçinin qeyd edə biləri ki, Azərbaycan bu addımı atmaqla multukulturalizm ənənələrinə sadiqliyini ortaya qoyur. Həqiqətən də bu gün Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Vəhdət namazının "Multikulturalizm ili"ndə qılınması da təsadüfi deyil. Əslində bu həm də ölkənin dini kəsiminin "Multukulturalizm İli"-nə verdiyi bir töhfədir.
Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında 2016-ci il Azərbaycanda "Multukulturalizm ili" elan olunub. Ümumiyyətlə, Azərbaycan dövləti səviyyəsində davamlı olaraq multukultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə töhfələr verilir. İki il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti yaradılıb. Həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Məhz buna görə də Bakıda qılınan vəhdət namazı ənənəsi, istərsə də multukulturalizm modeli bir örnək kimi həm regional müstəvidə, həm də beynəlxalq arenada tətbiq edilməlidir.
Vəhdət namazı Azərbaycanda olan bütün müsəlmanların bir yerdə olduğunu, onların arasında təfriqə yaratmağın mümkünsüzlüyünü ortaya qoymaqla yanaşı, eyni zamanda ölkənin dini kəsiminin Azərbaycan dövlətçilyinə xidmət etdiyini təsdiqləmiş oldu. Bunun başlıca səbəblərindən biri isə ölkədə bütün sahələrdə olduğu kimi milli-mənəvi və dini dəyərlərimizin qorunması, din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Məhz dövlət başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub.

"Heydər" Məscidinin axundu Rüfət Qarayev deyib ki, "Heydər" Məscidində vəhdət namazının qılınması çox müsbət bir addımdır: "Təbii ki, xalqımızın bunu dəstəkləməsi sevindiricidir, eyni zamanda bu bizim özümüzü sevindirir. Çünki məzhəblərin bir araya gəlməsi ümmətin bir araya gəlməsidir və müsəlmanların birliyidir. Azərbaycanda bütüb məzhəb nümayəndələri birgə namazlarını bir imamın arxasında qılırlar. Burada heç bir sıxıntı, çətinlik yaranmır. Çünki biz burada dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin anım mərasimindən sonra bu vəhdət namazlarına başladıq. Təbii ki, bunu da xalqımız çox müsbət dəyərləndirdi. Hətta ölkə mediasında bunun çox müsbət bir addım kimi dəyərləndirilməsinin şahidi olduq. Heç də təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il "Multikulturalizm ili" elan edilib. İnanırıq ki, vəhdət namazları bu ilə öz töhvəsini verəcək".

"Heydər" Məscidinin imamı Hafiz Abbasov: "Dekabr ayının 12-dən etibarən hər cümə günü biz "Heydər" Məscidində hər iki məzhəbin nümayəndəsi bir sırada, bir imam arxasında cümə namazlarımızı əda edirik, yerinə yetiririk. Təəssüflər olsun ki, biz dünyanın digər məscidlərində, islam dövlətlərində bu hala şahid ola bilmirik. Ona görə ki, orada süni və şiə camaatı ayrı-ayrılıqda, ayrı imamlar arxasında namazlarını əda edirlər. Bu hal ilk dəfə olaraq bizim məscidimizdə həyata keçirildi. Hər iki namaz arasında elə də ciddi fərq olmadığını nəzərə aldıqdan sonra biz belə bir addımı, təşəbbüsü irəli sürdük. Təbii ki, bu tək bizim istəyimizlə olmadı, xalqın dəstəyini də aldıq. Bu eyni zamanda bizim gələcəkdəki namazlarımızda da həmin şəkildə davam etdiriləcək".

İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli isə bildirib ki, artıq insanlar arasında, xüsusilə məscidlərimizdə inanclılar arasında qarşılıqlı anlaşma, hörmət, sayqı var: "Bəs bu nədən irəli gəlir? Təbii ki, bütün bunlar hamısı maariflənmədən qaynaqlanır. Bununla belə cənab Prezident İlham Əliyevin irəli sürdüyü multikulturalizm dəyərləri və tolerantlıq artıq bu gün bütün dünyaya bir nümunədir. Hesab edirəm ki, "Heydər" Məscidində vəhdət namazının qılınması, eyni zamanda İçərişəhər Cümə Məscidinə insanların kütləvi şəkildə gəlişi ilə artıq Allaha ibadət və itaət etməyimizin fəlsəfəsi ortaya qoyulur".
Hacı Surxay bildirib ki, ümumiyyətlə, 2016-cı il digər illərdən tam fərqli il olacaq. Azərbaycan zaman-zaman öz mədəniyyəti, multikultur dəyərləri, tolerantlığı ilə dünyaya nümunə olub. Bu gün Avropa Azərbaycandan həm milli-mənəvi dəyərləri, həm də tolerantlığı öyrənir. Azərbaycan nümunəvi dövlət olaraq multikultur dəyərlərinə, tolerantlığına dünyaya bir mesajdır. Ölkəmizdə bütün dini inanclar şəffafdır. Təbii ki, bu gün tək Azərbaycanda deyil, dünyanın hər yerində radikalizm mövcuddur. Heç şübhəsiz ki, biz illərlə insanlara təbliğ etmişik və maarifləndirmişik ki, bir ümmət, müsəlman, vətəndaş olaraq hamınız bir yerə gəlin. Çünki bu, "Qurani-Kərim"in bizə verdiyi bir tövsiyyədir və əmrdir".
O əlavə edib ki, Allah təala "Qurani-Kərim"in ali-İmran surəsi, 103-cü ayəsində insanları birliyə dəvət edib: "Həmin ayədə bildirilib ki, "Allahın qırılmaz ipindən yapışıb səpələnməyin". Bu ayədə iki əmr var. Bunlardan biri "birləşin", digəri isə "ayrılmayın"dır. Əgər kimsə bu vəhdəti qorumursa, deməli Vətənə qarşı xəyanəti var və Vətənini, dövlətini sevmir".
Çəkiliş apardığımız zaman namaz qılan insanlarda Azərbaycanın atdığı bu addımların dünyaya örnək olduğunu dilə gətirdilər.

Dindar Emil Məmmədov: "Multikulturalizm ili" çərçivəsində Bakıda "Heydər" Məscidində cümə namazı qılındı. Vəhdət namazı adlandırılan bu namazda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda bir sırada namaz qılması, dualar etməsi təqdirəlayiq haldır. Ümumiyyətlə, İslam dini qardaşlığı sevir və bu da bir növ birlikdir. Düşünürəm ki, məzhəbindən asılı olmayaraq müsəlmanların bir araya gələrək bir sırada namaz qılması bütün dünyaya örnək olmalıdır. İstərdim ki, müsəlman ölkələri hamısı birləşsinlər və birlik nümayiş etdirsinlər".

Hacı Nizami Əkbərov: ""Heydər" Məscidində vəhdət namazının qılınmasını televiziya vasitəsilə izləyəndə çox sevindim. Mən həmişə namazlarımda dua edirdim ki, Allahım müsəlmanların birliyini təşkil et. Burada fərqi yoxdur ya sünnisən, ya da şiə. Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək yalnız Allaha ibadət edirlər və eyni sözləri deyirlər. Sadəcə olaraq müsəlmanların sünni, şiə məzhəbinin arasına daxil xarici düşmənlər var. Onlar nifaq salaraq islamı zəiflətmək və gözdən salmağa çalışırlar. Ancaq onlar buna nail ola bilməyəcəklər. "Qurani-Kərimin" ali-İmran surəsində Allah-təala buyurur ki, "mənim yanımda din, qiyamətdə isə yalnız islam dinidir". Bu gün şükürlər olsun ki, cavanlar məscidlərə gəlirlər və ibadət edirlər. Biz çalışmalıyıq ki, gənclərimizi daha da maarifləndirək".
Sonda qeyd edək ki, bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub. Buna görə də dini radikalizmə, ekstremizmə, cəmiyyəti zülmətə sürükləyən cəhalətə Azərbaycanda yer yoxdur. Belə cəhdlərin ölkəmizdə reallaşması isə mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB