"Türkiyənin liderliyini qəbul etmirlər" TƏHLİL

“Hazırkı siyasi strategiyasına əsasən Türkiyə İranın müsəlman dünyasının müdafiəçisi rolunu əlindən alır”
"Türkiyənin liderliyini qəbul etmirlər" TƏHLİL

"Türkiyə Səudiyyə-İran münasibətlərinin gərginləşməsində, diqqətlərin İŞİD-dən, Suriyadan başqa istiqamətə yönəldilməsində maraqlı ola bilərmi?". Bu sual ətrafında SİA-ya danışan tarixçi-alim, ekspert Kamran Əsədov İran-Səudiyyə Ərəbistanı gərginliyi fonunda Türkiyə-İran münasibətlərinin tarixi təhlilini aparıb.

Ekspert Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun dəvət ilə 29 dekabr 2015-ci ildə bu ölkəyə səfər etməsindən bir neçə gün sonra, yəni yanvarın 2-də səhər saatlarında İrana meylli şiə axundu, şeyx Nimr Baqir əl-Nimrlə birlikdə 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsində maraqlı məqamların olduğunu söyləyib: "Nəzərə alsaq ki, bir ay əvvəl Türkiyə hava qüvvələri Rusiya qırıcısını vurmuşdu və onsuz da barıt çəlləyini xatırladan region daha da qarışmışdı. Bəs Tarixə nəzər salsaq, İran-Türkiyə münasibətləri hansı səviyyədə olub? Dəfələrlə Türkiyə prezidenti Ərdoğan İran rəhbərliyini qeyri-səmimilikdə günahlandırıb. Son dövrlərdə Suriya məsələsi, eləcə də NATO-nun Türkiyə ərazisində Raketdən Müdafiə Sistemi (RMS) qurması ilə bağlı planları Tehranla Ankara arasında soyuqluq yaradıb. Xüsusilə qeyd olunmalıdır ki, Türkiyə və İran arasında sərhədin uzunluğu 500 kilometrdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 7,5 milyard dollar təşkil edir. Hər il bir milyon iranlı Türkiyəyə səfər edir. Aralarında son dövrlərdə hərbi qarşıdurmalar baş verməsədə, İran Türkiyədən tamamilə razı deyil. Heç vaxt da olmayacaq. Səbəbi də odur ki, İran liderləri 30 il bundan əvvəl İslam inqilabı baş verəndə onun yarısı qədər zəngin olan bir ölkənin indi ondan iki dəfə zəngin olmasını çaşqınlıq və həsəd hissi ilə qarşılayırlar. İran liderlərinə görə, durğunluq, inkişaf etməmiş qonşusunun indi model, lider olmasını görmək çox məyusedicidir. Bu, müəyyən mənada siyasi münasibətlərə təsir göstərir. Türkiyənin liderliyini qəbul etmirlər. Burda təkcə İranın Türkiyənin liderliyini qəbul etməməsi yox, həm də Türkiyənin ən yaxın iqtisadi müttəfiqi ABŞ-ın İran tərəfindən qəbul edilməməsi də diqqəti çəkir. ABŞ-ın dolayısı ilə yaxından dəstəyi ilə Türkiyə İsrail və Suriya arasında münaqişədə vasitəçilik edib, Livanda siyasi birliyin yaradılmasında, Suriya və Səudiyyə Ərəbistanı liderlərinin bir araya gətirilməsində rol oynayıb. Lakin hazırkı siyasi strategiyasına əsasən Türkiyə İranın müsəlman dünyasının müdafiəçisi rolunu əlindən alır".

"Son hadisələr göstərir ki, ərəb küçələrində sünni Türkiyədə mövcud liberal islamın regionda davamlı münaqişələrin həlli səylərinə rəhbərlik edə biləcəyi ilə bağlı ümidlər var. Bu da şiə dövləti olan İrana sərf etmir. İran liderlərinin Türkiyənin regionda nüfuzunun artmasına həsəd etməsinə baxmayaraq, Tehran Türkiyəyə ümumilikdə müsbət qüvvə kimi baxmalıdır. Çünki, İran Rusiyadan sonra Türkiyəni təbii qazla təmin edən ikinci ölkədir. Məlum Türkiyə-Rusiya münasibətlərindən sonra isə İran qonşusuna qaz ixracatında tək lider olub. Türkiyə həm də NATO-nun və müəyyən mənada İsrailin İranın sərhədlərinə yaxınlaşmamasında bufer rolunu oynayır. Buna baxmayaraq, Ankaranın müsəlman dünyasında nüfuzu Tehranın ərəb küçələrində mövcudluğunu tamamilə kölgəyə salır".

"Səudiyyə Ərəbistanında şiə liderin edamı hadisəsi birbaşa Türkiyənin imzası ilə olmasa da, dini müstəvidə regionu qarışdırmaq istəyənlər məhz Ərdoğanın bu ölkəyə səfərindən sonrakı qısa müddətdə bunu etmələri, sünni-şiə münasibətləri üzərində yeni münaqişə ocağı yaratmağa cəhd etdikləri aydın görünür. Və iki iri sünni dövlətin bu münaqişədə rəhbər rolunda göstərilməsi, qatı islamçı, şiə dövləti İranın onların qarşısına çıxarılması heç də yaxşı nəticələr vəd etmir".

"Mən hesab edirəm ki, bu region artıq barıt çəlləyidir. Daha bəsdir. Bu regionun sülhə ehtiyacı var".

Bütün xəbərlər Facebook səhifəmizdə