Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də müvafiq dəyişikliklər olunaraq yeni Əsasnamə təyin edilib.
SİA-nın verdiyi xəbərə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, Əsasnaməyə əsasən onun təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 il müddətinə uzadılır: "Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz, 18 yaşından yuxarı olmayan şəxslərin isə 3 il müddətinə müəyyən edilir. Əlilliyi olan şəxslərin Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə daha ehtiyac yoxdur".
Səlim Müslümov bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib: "Avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərar zona TSEK-lər tərəfindən deyil, Nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən həyata keçirilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və nəticələrə uyğun əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB